Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, yarışda üç kateqoriya üzrə mükafatçılar müəyyən edilib.
Qadın oxatanların mübarizəsində (70 metr) Olimpiya təmsilçimiz Yaylagül Ramazanova qızıl, gənc və perspektivli Fatimə Hüseynli gümüş, Svetlana Simonova isə bürünc medala yiyələniblər.
Kişilərin analoji yarışında qızıl medalı Məhəmmədəli Əliyev, gümüşü Roman Venqerov, bürüncü isə Əhməd Hüseynov qazanıb.
60 metr məsafədən hədəfi nişan alan qadınların mübarizəsində 1-ci, 2-ci, 3-cü yerləri müvafiq olaraq, Amina Şərif, Lalə Almasova və Zəhra Carçılı bölüşüblər. Kişilərdə isə İslam İsmayılov qızıl, Sərdar Vəliyev gümüş və Nurlan Rəhimli bürünc medala sahib çıxıb.
Yeniyetmə qızların (30 metr) yarışında birinciliyin qalibi Leyla Əfəndiyeva olub. Sona Rüstəmli və Fatimə Nəbiyeva isə müvafiq olaraq ikinci və üçüncü yerlə kifayətlənməli olublar. Oğlanlarda isə Məhəmməd İsmayılov yarışısı qızıl, Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medalla başa vurublar.
Çempionat qaliblərini Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, federasiyanın vitse-prezidenti Rauf Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov və Bodibildinq üzrə dünya çempionatının üçqat mükafatçısı Emin Babayev mükafatlandırıblar. Uğur qazanan idmançılara medal və diplomlar təqdim olunub.
Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev tədbirdən sonra idmançılarla görüşdə onlara gələcək karyeralarında daha böyük uğurlar arzulayıb.
İdman.biz