Yaylagül Ramazanova: “Evdə də məşq etdiyim üçün adaptasiya çətin olmadı”

Xəbərlər
7 Yanvar 2025 17:38
473
Yaylagül Ramazanova: “Evdə də məşq etdiyim üçün adaptasiya çətin olmadı”

“İndi daha qətiyyətliyəm”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin kamandan oxatanı Yaylagül Ramazanova deyib.

Bir müddət öncə ana olması səbəbilə karyerasına fasilə verən olimpiyaçı yenidən hazırlığa başlayıb. O bildirib ki, fevralda yenidən hədəf önünə keçəcək: “Təxminən bir aydır ki, məşqlərə başlamışam. Fasilədə evdə də məşq etdiyim üçün adaptasiya prosesi çətin olmadı. İndi fevralda keçiriləcək Azərbaycan çempionatına hazırlaşıram. Ola bilər ki, çempionata qədər Rusiyada təşkil olunan bir yarışda iştirak edim. Ancaq bu, hələ dəqiq deyil”.

Azərbaycan çempionunun əsas hədəfi Los-Anceles-2028 Yay Olimpiya Oyunlarından medalla qayıtmaqdır: “Paris-2024 Yay Olimpiya Oyunlarından sonra daha da əzmlə davam edirəm. Fransa paytaxtından döndükdən sonra mənə çox sayda insanlar yazır, zəng edirdilər. Bildiyim qədərilə çıxışımdan sonra bu idman növünə başlayanlar da olub. Fikrimcə, əsas olan başlamaq yox, qətiyyətli şəkildə davam etməkdir. Təəssüf ki, oxatmaya həvəs göstərənlərin sayı çox olsa da, davamlı gələnlər az olur”.

Qeyd edək ki, Ramazanova Azərbaycan tarixində ilk dəfə Olimpiadada 1/16 finala kimi irəliləyib.

Aytac Sahəd
İdman.biz