Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub - FOTO

Xəbərlər
7 Fevral 2025 16:43
118
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub - FOTO

Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən olan 60-a yaxın kişi və qadın idmançının qatıldığı yarışlarda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) mükafatçılar müəyyən edilib.

Örtülü salonda 18 metrlik məsafədən hədəfi nişan alan yeniyetmə qızlar arasında 1-ci, 2-ci, 3-cü yerləri müvafiq olaraq Sümeyya Bədəlli, Zəhra Carçılı və Dəniz Hüseynli tutublar.

Kişilərin yarışında isə birinciliyi Zahid Kazımzadə qazanıb. Anar Cavadzadə ilə Sərdar Vəliyev müvafiq olaraq gümüş və bürünc medallara sahib olublar.

Gənc qadın oxatanların mübarizəsində Nülufər Ağaməmmədli bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Leyla Əfəndiyeva ilə Leyla Məmmədli isə yarışı müvafiq olaraq gümüş və bürünc medallarla başa vurublar.

Eyni yaş kateqoriyasında çıxış edən kişilər arasında Məhəmməd İsmayılov, Cəmil Novruzov və Ümid Nağıyev müvafiq olaraq “üçlük”də qərarlaşıblar.

Olimpiya iştirakçımız Yaylagül Ramazanova Azərbaycan çempionu adını qazanıb. Ən yüksək nəticə göstərən oxatan yarışdan qızıl medalla ayrılıb. Digər finalçı Fatimə Hüseynli rəqibinə iki xal fərqi ilə uduzaraq yarışı ikinci pillədə bitirib. Çempionatın bürünc medalına isə Svetlana Simonova yiyələnib.

Bu yaş kateqoriyası üzrə kişilər arasında Məhəmmədəli Əliyev bütün rəqiblərinə qalib gələrək, qızıl medalı təmin edib. Əhməd Hüseynov və Roman Venqerov isə müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıblar.

Çempionat qaliblərin mükafatlandırılması ilə başa çatıb.

İdman.biz

Məqalədə: