Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyevin İdman.biz saytına müsahibəsi
- Olimpiya ilində hansı yarışları xüsusi fərqləndirərdiz?
- İki əsas yarışımız var. Parisdə keçiriləcək Yay Olimpiya Oyunları və Avropa çempionatı. İkisində də 200 m və 4x100 m çıxış etməyə hazırlaşırıq. Amma 100 m məsafəyə qaçışda da mübarizə apara bilərəm.
- Son vaxtlar sanki bir qədər kölgəyə çəkilmisən. Bunun səbəbi nədir?
- 2022-ci ilin sonunda İslam Həmrəyliyi Oyunlarında və Ağdəniz Oyunlarında 5 medal qazandım. Amma Avropa çempionatının final mərhələsində zədələndim və çıxışımı tamamlaya bilmədim. Ona görə də ötən il istədiyim kimi alınmadı.
- Avropa və dünya çempionu olmusan. Olimpiya çempionu olmaq üçün nə etmək lazımdır?
- Karyeramda qazanmadığım yalnız 1 medal qalıb - Olimpiya medalı. Paris-2024-də bunu qazanmaq üçün əlimdən gələni edəcəyəm. Əsas finala çıxmaqdır. Orda hər şey ola bilər.
- Türkiyədə Azərbaycan atletikasını izləyirsənmi?
- Azərbaycanda yalnız Nazim Babayevlə əlaqə saxlayıram. Başqa idmançıların heçcbiriylə əlaqəm yoxdur.
- Onda ölkəmizdə bu növdə kimisi fərqləndirə bilməyəcəksən?
- Nazim Babayevlə Yekaterina Sarıyevanı fərqləndirmək mümkündür.
- Bəs federasiyada rəhbərlik dəyişikliyindən sonra hansı irəlləyişlər hiss olunur?
- Gördüyüm qədər heç bir dəyişiklik yoxdur. Necə vardısa, elə də qalıb.
- Azərbaycan yığmasına qayıtmaq ehtimalının olduğunu demişdin. Səncə, bundan sonra gec olmayacaq?
- Artıq idmançı olaraq qayıtmaq mümkün deyil. Çünkü bu il mənim karyeramın son mövsümüdür. 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları mənim sonuncu böyük yarışım olacaq. Amma başqa vəzifəyə təklif olarsa, əlbəttə, qayıdaram.
Emin Ağa
İdman.biz