Nazim Babayev: “Bu qərar çox çətin oldu”

Müsahibə
14 Fevral 2024 15:13
247
Nazim Babayev: “Bu qərar çox çətin oldu”

“Belqradda turnirdən bir gün öncədən məşqlərə başlamışdıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin atleti Nazim Babayev deyib.

O, Belqrad qış turnirində mübarizəsini dayandırmasının səbəbini açıqlayıb. Avropa çempionunun sözlərinə görə, yarış günü hər şey qaydasında olub: “Artıq uzunluğa tullanmaq üçün dəvət olunmuşdum. İlk yoxlama cəhdini isinmək məqsədi ilə həyata keçirdim və heç bir problem yox idi. Ondan sonra qısa məsafələrdə də hansısa çətinliklə üzləşmədim. İkinci dəfə isə budumun arxa nahiyəsində ani ağrının olduğunu hiss etdim. Bir neçə dəqiqə ara verdikdən sonra ağrı daha artdı və məni narahat etməyə başladı. Bundan sonra məşqçim ilə məsləhətləşib, mübarizəmi dayandırmaq barədə qərarı aldıq. Bu qərar mənim üçün çox çətin oldu. Çünki yaxşı formada idim. Həmçinin bu yarışdan böyük gözləntilərim vardı”.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq arzusunda olan Babayev bildirib ki, bu ağrıların gələcəkdə daha böyük zədələrə çevrilməməsi üçün yarışla erkən vidalaşıb. O, artıq Bakıya qayıtdığını da deyib: “Şəhərə çatan kimi dərhal həkim müayinəsindən keçəcəm və sonra son qərar bilinəcək”.

Qeyd edək ki, Serbiyadakı yarış Paris-2024-ə lisenziya xarakteri daşıyırdı.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: