Könül Nurullayeva: “Ultramarafonun tarixi torpağımızdan start götürməsinin özü də yeni bir tarixdir” - VİDEO

Xəbərlər
4 Mart 2024 15:48
228
Könül Nurullayeva: “Ultramarafonun tarixi torpağımızdan start götürməsinin özü də yeni bir tarixdir” - VİDEO

“Bu gün tarixi bir gündür. 30 ildən sonra işğaldan torpaqlarımızı azad etmişik. Bütöv, suverenliyi bərpa olunan Azərbaycanın övladlarıyıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva deyib.

O, ilk dəfə “Qürurla irəli” şüarı ilə təşkil edilən Xankəndi - Bakı ultramarafonunun əhəmiyyətini yüksək dəyərləndirib. Nurullayeva bildirib ki, yarışın tarixi torpağımızdan start götürməsinin özü də yeni bir tarixdir: “Mən də Azərbaycan vətəndaşı olaraq özümü çox xoşbəxt hiss edirəm. Bütün idmançılara, xüsusi ilə bu günkü qaliblərə, əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm və uğurlar arzu edirəm. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdik. Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına bunu bacardıq. Ən önəmlisi xalqımızın birliyi, milli iradəsi olmasaydı, biz bu gün Xankəndidən Bakıya marafonun, tarixi günün şahidi ola bilməzdik”.

Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, Bakıya çatıblar. 380 km-dən ibarət olan ultramarafonda ümumilikdə 64 idmançı mübarizəyə başlayıb və onlardan 17-si finişə çatıb. Atletlər arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri olub.

Banuçiçək Hüseynli
İdman.biz