Dövlət qurumları arasında atletika yarışı keçirilib - FOTO

Xəbərlər
26 Oktyabr 2024 20:37
71
Dövlət qurumları arasında atletika yarışı keçirilib - FOTO

Oktyabrın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.

İdman.biz xəbər verir ki, yarışda 11 dövlət qurumundan 23 kişi, 11 qadın əməkdaş mübarizə aparıb.

Respublika Olimpiya Mərkəzində təşkil olunan tədbirdə qadınlar arasında uzunluğa tullanma yarışında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Zəkiyyə Kərimli birinci olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı Ümidə Məcmunlu yarışı ikinci, SOCAR-ın əməkdaşı Cəmalə Hüseynli isə üçüncü pillədə başa vurublar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeniy Kasilov (FHN) və Cavid Rüstəmov (ƏƏSMN) fərqləniblər.

Qadınlar arasında 60 metr məsafəyə qaçışda Zəkiyyə Kərimli (FHN) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Sima Səfərova (FHN) və Cəmalə Hüseynli (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Akif Əzimov ("AzerGold" QSC), Cavid Rüstəmov (ƏƏSMN), Elvin Əlixanov (Ədliyyə Nazirliyi) ilk üçlüyü tamamlayıblar.

Qadınlar arasında 400 metr məsafəyə qaçışda Sima Səfərova birinci, Leyla Əliyeva ikinci, Mirvari Balabəyli (hər üçü FHN) üçüncü yerdə qərarlaşıblar. Kişilər arasında 800 metr məsafəyə qaçışda Cəlal Süleymanov yarışı birinci, Əli Hacıyev ikinci, İlqar Məmmədov (hər üçü FHN) üçüncü pillədə başa vurublar.

İdman.biz