“Yaxşı mübarizə apardığım üçün şadam".
Bunu İdman.biz-ə Azərbaycan atleti Yekaterina Sariyeva deyib.
29 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində keçirilən Ruhi Sarıalp tullanmalar kubokundakı çıxışını dəyərləndirib. Üçtəkanla tullanmada 13,38 m göstərici ilə gümüş medal qazanan Sariyeva bildirib ki, nəticəsindən razı qalıb: “Əlbəttə ki, həmişə daha yaxşısını istəyirsən. Xüsusilə, bir həftə əvvəlki uğursuz startdan sonra düzgün nəticə çıxarıb daha güclü qayıtdığımı göstərmək mənim üçün vacib idi. Yarış gərgin keçdi, yarışda güclü rəqiblər, o cümlədən U-20 üzrə dünya çempionu vardı. Həmin idmançılar İslam Həmrəyliyi Oyunlarında da iştirak edəcəklər, yəni bu il rəqabət daha da güclü olacaq”.
Atlet gələcək hədəflərindən də söz açıb: “Fevralın 23-də Türkiyə çempionatı keçiriləcək və mən də orada iştirak edəcəm. Həmin yarışda qapalı məkanda Avropa çempionu ilə mübarizə aparacağam, bu da mənim üçün əlavə motivasiya və yeni çağırışdır. Növbəti startı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Sariyeva 12 qat Azərbaycan çempionu və qapalı məkanlarda ölkə çempionatının 7 qat qalibidir.
Aytac Sahəd
İdman.biz