Qəbələ-Xankəndi ultramarafonuna start verilib.
İdman.biz xəbər verir ki, yarışın startından əvvəl açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova çıxışında marafon iştirakçılarına uğurlar arzulayıb. O, Qəbələ rayonunun nəinki ölkəmizdə, beynəlxalq aləmdə də mədəniyyət, turizm, bu ildən etibarən isə idman paytaxtı kimi tanındığını vurğulayıb.
Millət vəkili, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva çıxışında marafonun önəmindən bəhs edib. O, yarış iştirakçılarının marşrutun üçüncü günündə Bərdədən Ağdamadək 44 kilometr məsafə qət edəcəklərini və bu rəqəmin Vətən müharibəsində qazanılan zəfərlə əlaqədar rəmzi məna daşıdığını diqqətə çatdırıb: "Bu gün Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə toplaşmışıq. Mən tədbirin təşkilatçılarına təşəkkür edirəm. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Qəbələdən başlayan marafonu Xankəndində bitirəcəyik. Yolun çətin olduğunu nəzərə alaraq sizin hər birinizə güc, səbir arzulayıram".
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov marafona marağın artdığını və bu yarışın Dünya Atletika Federasiyasının təqvimində layiqli yer alacağına inandığını vurğulayıb: "Bildiyiniz kimi, bu marafon ikinci ildir keçirilir. Ötən il iştirakçı sayı 64 idisə, indi bu rəqəm 81-dir. Ötən il Azərbaycandan savayı 3 ölkədən iştirakçılar vardısa, indi bu say 5-ə yüksəlib. Bu rəqəmlər marafona olan marağın artmasından xəbər verir. On il əvvəl desəydilər ki, Qəbələdən Xankəndiyə marafon təşkil olunacaq, bizə yuxu kimi gələrdi. Əgər biz bu gün burada yığışmışıqsa, buna görə şəhidlərimizə, qazilərimizə borcluyuq".
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimindən sonra marafona start verilib.
Ultramarafona qatılan 81 nəfərdən 23-ü qadın, qalanları kişi idmançılardır, onların arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var. “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. İdmançılar Qəbələ - Ağdaş (55 km), Ağdaş - Bərdə (65 km), Bərdə - Ağdam (44 km), Ağdam - Xankəndi (28 km) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən marafona aprelin 13-də yekun vurulacaq.
Aytac Sahəd
İdman.biz