"Ümid edirəm ki, yaxşı nəticə əldə edə biləcəm".
Bunu İdman.biz-ə Qəbələ - Xankəndi ultramarafonunun iştirakçısı Tapdıq Dadaşov deyib.
O, ultramarafondakı çıxışını dəyərləndirib və sonuncu yarış günündə uğur qazanacağına inandığını bildirib: "67 yaşım var. Demək olar ki, 16 yaşımdan idmanla məşğul oluram. Bu günə qədər saysız-hesabsız marafonda iştirak etmişəm.
Ötənilki marafonda da iştirak etmişdim ancaq Kürdəmirə qədər qaça bildim. Yarışdan qısa müddət öncə əməliyyat olduğum üçün səhhətim sona qədər qaçmağa imkan vermədi. Bu marafonda üç mərhələ qaçmışam, hazırda səhhətimdə hər hansı problem, yaxud zədəm yoxdur".
Tapdıq Dadaşov ölkəmizdə belə yarışların tez-tez keçirilməsinin vacibliyini vurğulayıb: "Ultramarafon ən çətin marafon növlərindən biridir və təşkili maddi baxımdan ciddi vəsait tələb edir. Şükürlər olsun ki, bizdə bu marafonu keçirirlər. Yarışın təşkiində əməyi olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, "İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafona bu gün yekun vurulacaq.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun iştirakçıları sonuncu yarış günündə 28 kilometr məsafə qət edərək Xankəndidə finişə çatacaqlar.
Aytac Sahəd
İdman.biz