Cavid Qurbanov: “Çox sevinirik ki, ultramarafon uğurla davam edir”

Xəbərlər
13 Aprel 2025 17:30
60
Cavid Qurbanov: “Çox sevinirik ki, ultramarafon uğurla davam edir”

“Çox sevinirik ki, bu ultramarafon uğurla davam edir”.

İdman.biz xəbər verir ki, bunu Qəbələ-Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov deyib.

O, yarışın önəmindən söz açıb: “Cənab nazir Fərid Qayıbovun təşəbbüsü ilə artıq ikinci dəfədir ki, bu ultramarafon keçirilir. Bu yarışın keçirilməsində əsas məqsədlərdən biri Azərbaycan gəncliyinə sağlam həyat tərzini təlqin etməkdir. Məkan olaraq Xankəndinin seçilməsi də simvolik əhəmiyyət daşıyır. Cənab prezidentin də dediyi kimi, Qarabağ Azərbaycandır!

İdmançılarımızın bu gün burada qaçmasını görmək mənim həyatımın ən xoşbəxt anlarından biridir. Cənab prezidentin rəhbərliyi, xalqımızın qəhrəmanlığı və ordumuzun sücaəti sayəsində biz Xankəndinin mərkəzində yarış keçiririk”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub.

Aytac Sahəd
İdman.biz