Marko Yankoviç: “Oyunun hətta bu gün olmasını istəyirik, nəinki sabah” - MÜSAHİBƏ

Müsahibə
13 Dekabr 2023 14:07
951
Marko Yankoviç: “Oyunun hətta bu gün olmasını istəyirik, nəinki sabah” - MÜSAHİBƏ

"Bizi sabah çox vacib oyun gözləyir. Bu matça tam hazırıq və rəqibi analiz etmişik”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç deyib.

Monteneqrolu yarımmüdafiəçi Avropa Liqasının “Hekken”lə sabahkı matçla bağlı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, isveçlilər turnir cədvəlində sıfır xalla axırıncı yerdə olsalar da, ciddi rəqibdir: “Əlimizdən gələni edəcəyik ki, oyunu və qrupu yaxşı nəticə ilə bitirək".

- Sabah Bakıda "Molde" ilə Norveçdəki görüşdə olduğu kimi, soyuq – “Skandinaviya havası” gözlənilir. Bu, "Qarabağ"ın futbolçularına nə dərəcədə təsir edəcək? Yaxud "Hekken" üçün üstünlük sayıla bilər?

- Hava şəraiti bizim üçün heç bir problem yaratmaz. İnanmıram ki, yağış kiməsə problem ola bilər. Hamımız yağışa öyrəşmişik. Əksinə, bizi sabah əlimizdə böyük bir fürsətimiz var. Biz ondan istifadə etmək istəyirik. Hamı oyunun hətta bu gün olmasını istəyir, nəinki sabah. Komanda oyuna hazırdır və bunu meydanda göstərmək istəyir.

- Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərdən bir neçəsi demək olar ki, bilinir. Hansı rəqiblə qarşılaşmağı, hansı ilə üz-üzə gəlməməyi istəyərdi?

- Öncə biz sabah qalib gəlməli və pley-off mərhələsinə vəsiqəni əldə etməliyik. Ondan sonra növbəti rəqib haqda müzakirə apara bilərik. Əsas qələbə qazanıb, irəli addım atmalıyıq. Komanda düzgün hazırlıq keçib, motivasiya var, elə gücdəyik ki, hər rəqibə qarşı oynaya bilərik.

Qeyd edək ki, görüş saat 21:45-də başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz