Georgi Adamiya: “Qarabağ”ın tarixi nailiyyəti Azərbaycan futboluna da təsir edəcək”

Müsahibə
15 Dekabr 2023 10:11
1 171
Georgi Adamiya: “Qarabağ”ın tarixi nailiyyəti Azərbaycan futboluna da təsir edəcək”

“Qarabağ”ın tarixi nailiyyəti təkcə kluba deyil, Azərbaycan futboluna da yaxşı mənada təsir edəcək”.

Bunu İdman.biz saytına “Qarabağ”ın sabiq futbolçusu Georgi Adamiya deyib.

Ölkəmizdə, eyni zamanda “Neftçi”, “Bakı” və “İnter” klublarının da şərəfini qorumuş gürcüstanlı veteran hücumçu Azərbaycan çempionunun Avropa Liqasında pley-offa yüksəlməsini şərh edib. Adamiya bildirib ki, “Qarabağ” son turda İsveç “Hekken”inə qarşı yaxşı oyun nümayiş etdirib: “Maraqlı oyun oldu. Sürət çox yüksək idi. Hər 2 komandada epizodlar oldu. İsveçlilər fürsətlərdən yararlana bilmədilər. “Qarabağ” isə ələ düşən şanslardan yaxşı istifadə etdi. İkinci hissədə Qurban Qurbanovun komandası əks-hücumda çox yaxşı təsir bağışladı. Abdullah Zubir fərqi daha da artıra bilərdi. Amma bu, futboldur. Əsas odur ki, Ağdam təmsilçisi qarşısına qoyduğu məqsədə çatdı. 1/16 final mərhələsinə yüksəldi. Onları ürəkdən təbrik edirəm”.

Onun sözlərinə görə, “Qarabağ” illərin təcrübəsi hesabına istənilən rəqibə qarşı əla mübarizə aparır: “Komandanın uğuruna nəzər yetirsək, ancaq xoş sözlər deyə bilərik. Uzun illərdir qrup mərhələsində çıxış edirlər və yaxşı təcrübə toplayıblar. Onlar pley-offda oynamağa layiq olduqlarını sübut etdilər. Ümid edirəm ki, onlar 1/8 final mərhələsinə də yüksəlməyi bacaracaqlar”.

Qeyd edək ki, Avropa Liqasında H qrupunun son matçında İsveç “Hekken”inə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” qrupu 10 xalla ikinci bitirib. Ağdamlılar tarixində ilk dəfə Avropa Liqasının 1/16 final mərhələsinə yüksəliblər.

Emin Ağa
İdman.biz