Alonso “Sevilya”nı qələbəsiz tərk edib

Xəbərlər
17 Dekabr 2023 00:58
507
Alonso “Sevilya”nı qələbəsiz tərk edib

“Sevilya” uruqvaylı baş məşqçi Dieqo Alonsonu istefaya göndərib.

İdman.biz xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Dieqo Alonsonun “Sevilya” karyerası iki aydan bir az artıq sürüb. Öz meydanında “Xetafe”yə 0:3 hesab ilə uduzan klub rəhbərliyinin səbir kasası daşıb. Uruqvaylı mütəxəssis oktyabrın 8-də Xose Luis Mendilibarı əvəz etmişdi. Andalusiyalılar onun rəhbərliyi ilə Çempionlar Liqasında qrup mərhələsində sonuncu yeri tutaraq, Avropa kubokları ilə vidalaşıblar.

“Sevilya” Alonso ilə İspaniya çempionatı və Çempionlar Liqasında qələbə qazana bilməyib. Baş məşqçi komandaya yalnız Kral kubokunda aşağı liqa təmsilçiləri ilə oyunlarda qələbə qazandıra bilib.

Qeyd edək ki, “Sevilya” La Liqada 16 oyundan sonra cəmi 13 xal toplayıb. Komanda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

İdman.biz