"Məni məşqə buraxmadı, dedi stadionu dairə vurmalısan" – Mirzovun baş məşqçi ilə münaqişəsi

Müsahibə
21 Dekabr 2023 14:34
1 022
"Məni məşqə buraxmadı, dedi stadionu dairə vurmalısan" – Mirzovun baş məşqçi ilə münaqişəsi

“2022-ci ilin aprelində Yuranın İlya Sadıqovu əsas heyətə salmaq qərarına qarşı çıxdığım üçün məni MOİK-lə oyuna buraxmadı”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin rusiyalı futbolçusu Reziuan Mirzov yerli KİV-ə “Ximki”də oynayarkən klubun baş məşqçisi Sergey Yuranla aralarında olan münaqişədən danışarkən deyib.

Sol cinah yarımmüdafiəçisinin sözlərinə görə, çalışdırıcı bununla da kifayətlənməyib: “MOİK-lə oyundan bir neçə gün əvvəl məşqdə kiçikölçülü qapılarla futbol oynayırdıq. Təmsil olunduğum tərəf uduzurdu. Daha bir qol buraxdıq, topa müdaxilə etməyə imkanım olmadı. Əsəbiləşərək qapının dirəyinə təpiklə vurub aşırdım. Yuran buna görə özündən çıxdı və məni məşqdən qovdu”.

Mirzov bildirib ki, bu hərəkətinə görə Yurandan üzr istəmək belə ağlına gəlməyib. O əlavə edib ki, məşqdə belə hallar normaldır: “Hər bir futbolçuda belə emosiyalar olur. Ertəsi gün məşqə gələndə Yuran dedi ki, sən məşq etməyəcəksən, stadionu qaçaraq dairə vurmalısan. Dedim, yaxşı, problem yoxdur”.

30 yaşlı legioner MOİK-lə matçdan əvvəl 3 gün məşqlərdən kənarlaşdırıldığını və əsas heyətə daxil edilmədiyini vurğulayıb. O, bununla belə Sadıqovla aralarında normal münasibətin olduğunu deyib: “İlyaya gəlincə, bu vəziyyətdə ona heç bir iradım olmayıb. Aramızda şəxsi heç bir narazılıq yox idi. Sadəcə, o vaxt yaxşı çıxış edirdik, səfərdə “Ural” və “Rubin”ə qalib gəlmişdik. Gözlənilmədən MOİK-lə heyət dəyişdi, hər kəsdə sual yarandı: Bu niyə belə oldu? Nəticədə, getdikcə hər şey öz axarından çıxdı”.

Qeyd edək ki, Mirzov 2023-cü ilin sentyabrında Bakının “Neftçi” klubu ilə azad agent kimi müqavilə imzalayıb. O, Azərbaycanda keçirdiyi 10 qarşılaşmada 1 məhsuldar ötürmə edib.

İdman.biz