“Qarabağ”ın hegemonluğu və ya “ofsayd”da olan “Turan Tovuz”la “Sumqayıt” - TƏHLİL

Təhlil
26 Dekabr 2023 16:01
1 002
“Qarabağ”ın hegemonluğu və ya “ofsayd”da olan “Turan Tovuz”la “Sumqayıt” - TƏHLİL

2023-cü il son günlərini yaşayır. Əsası 1992-ci ildə qoyulan Azərbaycan millisi üçün isə artıq il başa çatıb. Yığmamız tarixinin 32-ci ilini Canni de Byazinin rəhbərliyi altında keçirsə də, artıq yeni baş məşqçisinin yolunu gözləyir. İl ərzində 9 matçda komandaya rəhbərlik edən mütəxəssis isə müxtəlif klubların oyunçularına şans versə də, nəticə əldə olunmayıb. Bəs, de Byazi oyunçu seçimində hansı klublara nəzər salıb?

İdman.biz bu suala aydınlıq gətirib:

Premyer Liqadan 6 klub
İl ərzində 18 müxtəlif klubun futbolçuları Azərbaycan millisinin formasını geyinib. Bu klublardan yeddisi yerli, on biri xarici ölkə təmsilçisidir. Azərbaycan komandalarından biri – “Şamaxı” hazırda I Liqada çıxış edir. Bu o deməkdir ki, Premyer Liqanın 10 klubundan yalnız 6-sı yığmada təmsil olunub. “Turan Tovuz”, “Kəpəz”, “Sumqayıt” və “Araz-Naxçıvan” ölkənin əsas komandasına futbolçu verməyib. Düzdür, bu klubların üzvləri təlim-məşq toplanışlarına çağırılıblar. Amma rəsmi matçlarda şans qazanmayıblar. Hərçənd, “Kəpəz”in ötən əsrdə, “Sumqayıt”ın isə bir neçə il əvvələ qədər milli komandada xüsusi çəkisi var idi.

Qardaş ölkədən ekzotikaya qədər
2023-cü ildə nə az, nə çox 11 xarici klubun futbolçusu Azərbaycan millisində meydana çıxıb. Onların çoxu qardaş Türkiyə təmsilçiləridir. Bu da başadüşüləndir. Qonşu ölkənin müxtəlif liqalarında az-çox təmsilçimiz çıxış edir. “Adana Demirspor”, “Umraniyespor”, “Hatayspor”, “Konyaspor” və “Tuzlaspor” il ərzində yığmamızda təmsil olunub. Digər 6 klub isə fərqli ölkələrdəndir. Avropadan məşhur Zaqreb “Dinamo”su, avrokuboklardan tanıdığımız İsveçrə “Qrasshoppers”i, İsveç “Yurqorden”i də de Byazi üçün futbolçu mənbəyi olub. Niderlanddan “Eyndhoven”i də bu siyahıya əlavə etmək mümkündür. Digər iki klub isə Asiya təmsilçisidir. “Tecon Xana” yetərincə nüfuza malik Cənubi Koreya liqasında oynayırsa, “Buriram Yunayted” futbol aləmində ekzotikaya yaxın Tailand klubudur.

Yalnız 4 klub
Yalnız 4 klub bütün matçlarda milli üçün gərəkli olub. Onlardan üçü Premyer Liqa təmsilçiləri “Qarabağ”, “Neftçi” və “Sabah”dır. Anton Krivotsyukun yığmanın bütün oyunlarında iştirakı “Tecon Xana”nı da millidə daim təmsilçisi olmasına şərait yaradıb. 18 klubun 14-ü isə millimizə ara-sıra, fasilələrlə futbolçu verib. Həmin komandalar ən yaxşı halda 6 görüşdə faydalı olub.

“Qarabağ”ın “11-liy”i
Uzun illərdir Azərbaycan futbolunun liderinə çevrilən “Qarabağ”ın milli üçün əsas baza olması heç kimə sirr deyil. Artıq hər il Ağdam klubunun təmsilçiləri yığmada üstünlük təşkil edir. 2023-cü il də istisna deyil. İl ərzində 11 futbolçu “Qarabağ”ı millidə təmsil edib. Bu oyunçular Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Ramil Şeydayev, Riçard Almeyda, Musa Qurbanlı, Toral Bayramov, Bədavi Hüseynov, Şahruddin Məhəmmədliyev, Filip Ozobiç, Rahil Məmmədov və Nəriman Axundzadədir. Düzdür, bu oyunçulardan dördü – Ramil, Musa, Filip və Şahruddin il ərzində iki klubdan yığmaya çağırılanlardır.

“Qarabağ”ın ən yaxın izləyiciləri “Neftçi” və “Sabah”dır. Bakı klublarının hərəsi milliyə 5 futbolçu verib ki, onların cəmi də Ağdam klubundan geri qalır. Azər Əliyev, Eddi İsrafilov, Emin Mahmudov, Hoccət Haqverdi və Filip Ozobiç milliyə “Neftçi”dən gəlib. “Sabah”ı isə Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Elvin Camalov, Namiq Ələsgərov və Yusif İmanov təmsil ediblər. Bu üç klubdan başqa yalnız “Zirə” və “Səbail”in millidəki üzvləri birdən çox olub. Qismət Alıyevlə Rüstəm Əhmədzadə qəsəbə klubunu, Emil Balayev və Yusif Nəbiyev “dənizçilər”in heyətindən yığmaya yollanıb.

“Yeddi oğul”
“Qarabağ”ın dörd üzvünün yığmada iki klubu təmsil etdiyini daha öncə vurğulamışdıq. Ümumiyyətlə isə yeddi futbolçu il ərzində iki fərqli komandadan yığmaya yollanıb. Onlardan ikisi xarici klubları təmsil edib. Bu oyunçular Mahir Emreli və Renat Dadaşovdur. Filip Ozobiç isə iki Azərbaycan klubundan milliyə gedən və meydana da çıxan yeganə futbolçudur. Digər “dördlük” ilin ilk yarısında Premyer Liqa təmsilçilərinin, yaydan sonra isə xarici klubların təmsilçisi kimi milli forma geyinib. Bu futbolçular Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev və Bəxtiyar Həsənalızadədir.

Millidə hegemonluq
“Qarabağ”ın hegemonluğu millidəki ümumi oyun sayında da aşkardır. Ağdam klubunun üzvləri üst-üstə 40 dəfə yığmada şans qazanıb. Bunun da 33-ü start heyətində olub. “Qarabağ”lılar millidə 1 qol vurub və 1 top buraxıblar. İkinci olan “Neftçi” və üçüncü sıradakı “Sabah” liderdən təxminən ikiqat fərqlə geridədir. Lakin “ağ-qaralar” Emin Mahmudovun sayəsində yığmada daha çox qol vuran komanda ünvanına sahibdir.

klub

Ü

O

F

Q

1

Qarabağ

40

9

11

1, -1

2

Neftçi

22

9

5

4

3

Sabah

19

9

5

-4

4

Tecon Xana (C.Koreya)

9

9

1

1

5

Zirə

8

6

2

0

6

Adana Demirspor (Türkiyə)

6

6

1

-8

Dinamo (Xorvatiya)

6

6

1

0

Umraniyespor (Türkiyə)

6

6

1

0

Hatayspor (Türkiyə)

6

6

1

2

10

Buriram Yunayted (Tailand)

4

4

1

1

11

Qrashopers (İsveçrə)

3

3

1

0

Yurqorden (İsveç)

3

3

1

0

Qəbələ

3

3

1

0

14

Eyndhoven (Niderland)

2

2

1

0

Səbail

2

2

2

-5

16

Şamaxı

1

1

1

0

Konyaspor (Türkiyə)

1

1

1

0

Tuzlaspor (Türkiyə)

1

1

1

0

Ü – klubun futbolçularının keçirdiyi ümumi oyunlar, O – təmsil olunduğu oyunlar, F – futbolçular, Q – qollar.

İdman.biz