"Aysun Seydiyevanın milli komandadan ayrılmaq xəbərini mediadan eşitdim. Bu barədə onunla görüşüb danışacağam".
Bunu İdman.biz saytına qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis bildirib ki, yığmanın liderinin karyerasını davam etdirməsi üçün onu fikirindən daşındıracağına inanır: "Milli komanda futbolçuların əziyyəti sayəsində bu nöqtəyə gəlib. Bütün oyunçularım mənim üçün dəyərlidir. Aysun da onlardan biridir. Milli komanda kimi yavaş-yavaş inkişaf edirik. Bəlli bir heyətimiz var. Ondan kənara çıxa bilmirik".
Əsgərovun sözlərinə görə, "Sabah"ın futbolçusu Amin Seydiyevin həyat yoldaşı ilə bu fikrə nə üçün gəldiyini də müzakirə edəcək: "Aşağı yaş qrupundan gələn gənclərimiz var. Onları milli komandaya hazırlamağa çalışırıq. Yığmada yer alanları isə itirə bilmərik. Onlardan biri də Aysundur. Bu səbəbdən də məsələ ilə bağlı onunla telefon vasitəsi ilə danışmaq istəmirəm. Görüşüb danışacam. Belə olanda hər şey mənə aydın olacaq. İnşallah, son qərarı ayrılıq olmaz. Hazırkı durumda milli komandadan hansısa futbolçunun getməsini istəmərəm".
Qeyd edək ki, 2017-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Aysun Seydiyeva CBC Sport telekanalında yayımlanan "Start" verlişində yeni ildə yığma karyerasını bitirəcəyini bildirib.
Emin Ağa
İdman.biz