Vüsal İsgəndərli: “Albaniyada problemlər çox idi, keçidimi geriyə addım saymıram” - MÜSAHİBƏ

Müsahibə
4 Yanvar 2024 17:34
784
Vüsal İsgəndərli: “Albaniyada problemlər çox idi, keçidimi geriyə addım saymıram” - MÜSAHİBƏ

Türkiyə 1-ci liqa təmsilçisi "Boluspor"a transfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin İdman.bizə müsahibəsi

- Bir gün öncə "Boluspor"la müqavilə imzaladın. Komandada necə qarşılandın?

- Burda daha əvvəl mənə qarşı rəqib olan futbolçular var. Amma məni çox yaxşı və səmimi qarşıladılar.

- Albaniyada elitada çıxış etdiyin "Eqnatiya"dan ayrılmağının ən əsas səbəbi nə oldu?

- İnsanlar səbəb gətirəndə bəhanə etdiyimi düşünür. Amma Albaniyada problemlər çox idi. Dili bilmirdim, yeməklərini yeyə bilmirdim. Həm də məşq üçün meydançaların vəziyyəti yaxşı deyildi. İnşallah, əlimdən gələni edib daha yuxarılara gedəcəyəm.

- Amma nəzərə alaq ki, Albaniyada 1-ci yerdə olan klubdan ayrılıb, Türkiyə 1-ci liqasının 10-cusuna keçdin. Bunu geriyə addım saymırsan?

- Belə olduğunu düşünmürəm. Zamanla bunu hər kəsə sübut edəcəyəm.

- Daha əvvəl də Türkiyədə 1-ci liqada oynamışdın. Albaniya ilə müqaisə etsən, rəqabət baxımından hansı çempionat daha güclüdür?

- Mənə görə Türkiyə liqası daha güclüdür. Klubların sayı da çoxdur. Bu mənada da maraqlı rəqabət mövcuddur. Klub çoxlu transferlər edib. Hədəf ən azı pley-offda oynamaqdır.

- "Boluspor" 17 oyunda cəmi 13 qol vurub. Sənin gəlişinlə Türkiyə mətbuatı klubun məhsuldarlıq probleminin aradan qalxacağını düşünür. Bu məsuliyyətli işin öhdəsindən gələ biləcəksən?

- Əlbəttə ki, əlimdən gələni edib, klubuma çoxlu qol vurmaqda kömək etməyə çalışacağam. Yaxşı baş məşqçimiz var. Oyunçulara güvənir. Onun inamını doğrultmaq üçün hər şeyi edəcəyəm.

Emin Ağa
İdman.biz