“Qarabağ”la “Sabah”ın şərikli “11-liy”i – TƏHLİL

Təhlil
5 Yanvar 2024 13:13
792
“Qarabağ”la “Sabah”ın şərikli “11-liy”i – TƏHLİL

2024-cü ilin arxada qalan ilk günləri Azərbaycan millisinin futbolçusu Aleksey İsayevin transferi ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, "Qarabağ" "Sabah"ın yarımmüdafiəçisini Azərbaycanda qış transfer pəncərəsinin açılmasına bir həftə qalmış heyətinə qatıb.

28 yaşını iki ay öncə qeyd edən İsayev artıq yanvarın sonunda Ağdam klubunda debüt edə biləcək. O, Premyer Liqa tarixinə həm "Qarabağ", həm "Sabah"da oynamış 11-ci futbolçu kimi düşəcək. İndiyədək 10 oyunçu hər iki komandanın heyətində şans qazanıb.

"Sabah"dan öncə
Bu futbolçulardan dördü hələ "Sabah"ın 1-ci diviziona da qatılmasından əvvəl "Qarabağ" forması geyinib. Bəxtiyar Soltanov 2011/12, Təmkin Xəlilzadə 2013/14, Cavid Tağıyev 2014/15 və 2015/16, Namik Ələskərov 2014/16 və 2016/17 mövsümündə Ağdam klubu ilə çempionat matçına çıxıb. Təmkinlə Bəxtiyar "Sabah"ın Premyer Liqadakı debütündə - 2018/19 mövsümündə Bakı klubunda idilər. Cavid bir il sonra onlara qoşuldu. Namik ötən çempionatdan paytaxt klubunun şərəfini qoruyur.

Debütanta doğru
"Sabah"ın debüt mövsümündəki heyətinin daha üç üzvü "Qarabağ"da oynamış futbolçular olub. Həmin oyunçular əvvəlki mövsümdə Ağdam klubunda çıxış ediblər. Elvin Yunuszadə (2015/16, 2016/17, 2017/18), Elşən Abdullayev (2016/17, 2017/18) və Eltun Turabov (2017/18) 2018/19 mövsümündə paytaxt təmsilçisinin sıralarında idi. Onlardan ikisinin "Sabah"dakı çıxışı yalnız bir mövsümdən ibarət oldusa, Elşən iki ildən sonra yenidən kluba döndü.

Diniyevin rekordları
Coşqun Diniyev hər iki klubun heyətində 4 fərqli mövsümdə oynayan yeganə oyunçudur. 2018/19 mövsümünün gedişində "Qarabağ"ı "Sabah"a dəyişən yarımmüdafiəçi əvvəlki üç çempionatda da Ağdam klubunda forma geyinib. Sonrakı üç mövsümdə isə Coşqun bakılıların sıralarında olub. O, "Qarabağ"da 81, iki klubda üst-üstə 132 matça çıxıb ki, hər iki göstəricidə bəhs etdiyimiz 10 futbolçu arasında hamını qabaqlayır.

Əks istiqamətdə
Əvvəl "Sabah"da sonra "Qarabağ"da oynayan ilk futbolçu isə Bəhlul Mustafazadədir. 2023-cü ilin ən yaxşı futbolçusu seçilən müdafiəçi 2019/20 və 2020/21 mövsümlərində forma geyindiyi Bakı klubunu 2021-ci ilin yayında "Qarabağ"a dəyişib. Millinin üzvü artıq üçüncü mövsümdür ki, Ağdam klubunda forma geyinir.

Hər iki komandanın formasını geyinənlər sırasında Ramil Şeydayev də var. Millimizin hücumçusu hələ "Sabah" aşağı liqada oynayanda – 2017/18 mövsümündə "Qarabağ" forması geyirdi. Sonradan "Sabah"da peyda olan forvard burada iki mövsüm (2019/20, 2020/21) oynadıqdan sonra eyni müddət (2021/22, 2022/23) çıxış etmək üçün Ağdam klubuna qayıdıb. O, Bəhlulla eyni vaxtda – 2021-ci ilin yayında "Sabah"ı "Qarabağ" dəyişsə də, komanda yoldaşından fərqli olaraq özü üçün yeni deyil, əvvəlki klubuna qoşulub.

Üçüncü
İsayev "Sabah"da 4 fərqli mövsümdə meydana çıxan və sonradan "Qarabağ" forması geyəcək ilk, Bakı təmsilçisini Ağdam klubuna dəyişən üçüncü futbolçu olacaq. Yarımmüdafiəçi arxada qalan 3,5 ildə Bakı klubu ilə 98 çempionat matçına çıxıb. Bu rəqəm hər iki klubda forma geyinən 10 futbolçu üçün ən yüksək göstəricidir. Diniyevin "Qarabağ"da 81 oyun keçirməsi də İsayevlə müqayisəyə gəlmir. Amma Coşqunun bu klubların ikisi ilə də 50-dən çox görüşə çıxması rekordunun təkrarlanması üçün Alekseyə ən yaxşı halda 2025-ci ilin yazını gözləmək lazımdır.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: