Vüsal İsgəndərli təklif aldığı digər klubun adını açıqlayıb

Xəbərlər
9 Yanvar 2024 19:13
790
Vüsal İsgəndərli təklif aldığı digər klubun adını açıqlayıb

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Boluspor”a keçidi ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, Boluda yerli “Koroğlu” qəzetinə danışan futbolçu Türkiyədə başqa klublardan da təklif aldığını bildirib.

Vüsal Türkiyədə 1-ci Liqada mübarizə aparan “Boluspor”la danışıqların 2 ay əvvəldən başladığını qeyd edib: “Təxminən 2 ay əvvəl klub rəhbərliyi ilə görüşümüz olmuşdu. Albaniyada oyunların birindən əvvəl danışdıq. O zaman sözümün arxasında duracağıma və “Boluspor”a gələcəyimi demişdim. Başqa ölkələrdən də təkliflər almışdım. İndi bu klubların adları çəkmək düzgün olmaz. Türkiyədə əvvəl oynadığım “Keçiörəngücü” mənimlə əlaqə saxladı. Amma onlara Boluya gedəcəyimi bildirdim və mövzu bağlandı”.

Vüsal “Boluspor”da keçirdiyi ilk günlərlə bağlı açıqlama verib. O, komandada hər şeyin qaydasında olduğunu və baş məşqçi Yalçın Koşukavak barəsində müsbət fikirlər söyləyib: “Məşqlərimiz istəkli keçir. Bura gəlməzdən əvvəl baş məşqçi haqqında çox eştmişdim. Onunla dialoqumuz oldu. Həqiqətən deyiləndən daha yaxşı mütəxəssisdir. Burada əlimdən gələnin maksimumunu etməyə çalışacağam”.

Qeyd edək ki, Albaniyanın “Eqnatiya” klubunu tərk edən Vüsal İsgəndərli “Bolsupor”la 1,5 illik müqavilə imzalayıb.

İdman.biz