Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov “yığmanın sükanı” arxasına keçəcəyi halda komandada görmək istəmədiyi oyunçuların adlarını açıqlayıb.
İdman.bizin studiyasının qonağı olan təcrübəli mütəxəssis 3 milli üzvünə “qapıları” bağlayacağını deyib.
“Neftçi”nin sabiq çalışdırıcısı birinci elə “ağ-qaralar”ın 2 futbolçusunun yığma üçün faydası olmadığını bildirib: “Millidə seçim yerli futbolçular arasında aparılmalıdır. Höccət Haqverdi “Neftçi”də əsas heyətə düşmür, amma yığma dəvət olunur. Onun yerinə Amil Seydiyevi çağırmaq lazımdır. Riçard Almeydanı da vaxtı ilə dəvət edirdilər, amma effekt olmurdu. Onun yerinə Elvin Camalov faydalı verər. Eddi İsrafilov isə yığmada ürəyini qoymur, canfəşanlıq göstərmir, motivasiyası yoxdur. Sanki millidə vaxt keçirmək üçün oynayır, xal qazanıb yeni kluba keçməyi düşünür. Onun yerinə Coşqun Diniyevi daha çox oynatmaq olar. Yerli futbolçuları kənara ata bilmərik. Onların ətrafında 2 və ya maksimum 3 legioner futbolçuya yer vermək olar. O da milli komandaya effekt verənlər olmalıdır. Əcnəbilərin ətrafında yerlilərlə komanda yığılmamalıdır”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni de Byazi ilə müqaviləni yeniləməməklə bağlı qərar verib və yığma hazırda baş məşqçisizdir.
Emin Ağa
İdman.biz