Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova karyerasını Yunanıstanda davam etdirəcək.
Yarımmüdafiəçinin İdman.bizə verdiyi məlumata görə, o, Super Liqada çıxış edən “Olimpiada İmitou” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.
23 yaşlı futbolçu yunanlarla mövsümün sonuna kimi müqavilə imzalayıb.
Seyfəddinova bildirib ki, 5 aylıq razılığın səbəbi “Olimpiada İmitou”ya tramplin kimi baxmasıdır: “Hazırda Yunanıstan çempionatında lider PAOK da məni heyətində görmək istəyirdi. Sadəcə onlarda legioner limiti dolduğu üçün keçid alınmadı. Bu səbəbdən “Olimpiada İmitou” ilə mövsümün sonuna kimi müqavilə imzaladım. Məqsədim maya kimi burda qalıb daha yaxşı klublara keçməkdir”.
“Olimpiada İmitou” 12 turdan sonra 5 xalla 13-cü yerdədir. Vüsalə Yunanıstan Super Liqasında top qovacaq millimizin ikinci futbolçusu olacaq. Onun millidəki komanda yoldaşı Ayşən Əhmədova PAOK-un şərəfini qoruyur.
Qeyd edək ki, Vüsalə Seyfəddinova buna qədər Rusiyanın “Ryazan”, Türkiyənin ALG, “Çaykur Rizespor”, “Adana İdman Yurdu” və “Fomget” klublarında top qovub.
Emin Ağa
İdman.biz