Azərbaycanlı futbolçu: “Real”da oynayacağıma inanıram” - MÜSAHİBƏ

Müsahibə
24 Yanvar 2024 11:18
911
Azərbaycanlı futbolçu: “Real”da oynayacağıma inanıram” - MÜSAHİBƏ

Azərbaycan millisinin və Yunanıstanın “Olimpiada İmitou” klubunun yarımmüdafiəçisi Vüsalə Seyfəddinovanın İdman.biz saytına müsahibəsi

- Yunanıstanın “Olimpiada İmitou” klubu ilə müqavilə imzaladın. Keçidin necə alındı?

- Millətlər Liqasında çıxışlarımız diqqət çəkib. Liqada son iki oyunumu izlədikdən sonra məni transfer etdilər.

- Təklifə dərhal cavab verdiz?

- Ən əsası karyeramı düşünərək təklifi qəbul etdim. Məqsədim Avropa klublarında çıxış etmək olub. Daha yaxşı komandalara keçmək üçün Yunanıstan əla fürsətdir.

- Maliyə şərtləri keçiddə nə dərəcədə rol oynadı? Türkiyədən daha çox maaş alacaqsan?

- Maaşlar demək olar ki, Türkiyə ilə eynidir. İkinci dövrədə kluba gəldiyim üçün belədir. Mövsümün əvvəlində şərtlər daha fərqli olacaq.

- Yunanıstanda dil problemi, ölkəyə, çempionata alışmaq hansısa çətinliklər yarada bilər?

- Bir qədər dil problemi olacaq. Amma bu məni qorxutmur. Önəmli olan məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirməkdir. İlk günlərdə çətinliklər olacaq, amma sonra hər şeyin yaxşı olacağına inanıram.

- Yunanıstandan sonra hansı ölkələrdə oynamaq istəyirsən?

- Ən böyük məqsədim TOP-5 liqada oynamaqdır. Yunanıstan mənim üçün böyük üstünlük olsa da, hər şey özümdən asılıdır. Çox çalışmalıyam. PAOK klubu da məni heyətində görmək istəyirdi. Sadəcə onlarda legioner limiti dolduğu üçün keçid alınmadı.

- TOP-5 liqada oynamaq istədiyini qeyd etdin. Konkret hansı klubda oynamağı arzulayırsan?

- Arzum “Real” və PSJ-nin formasını geyinməkdir. 23 yaşım var və çox çalışmalı olduğumu bilirəm.

- Səncə bu istəyini həyata keçirə biləcəksən?

- Bəli, buna inanıram. Amma bunun üçün daha çox əziyyət çəkməliyəm.

Emin Ağa
İdman.biz