Vaqif Cavadov: “İnanıram ki, Murad Musayev səhvlərdən nəticə çıxaracaq”

Müsahibə
31 Yanvar 2024 15:14
812
Vaqif Cavadov: “İnanıram ki, Murad Musayev səhvlərdən nəticə çıxaracaq”

“Səbail” - “Zirə” matçında birinci hissədə üstünlük qonaqlarda olsa da, ikinci 45 dəqiqədə yerlər dəyişdi. “Səbail” üstünlüyü ələ alaraq qol imkanları yaratdı”.

Bunu İdman.bizə Azərbaycanın millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

O, Azərbaycan kubokunun 1/4 mərhələsi çərçivəsində keçirilən ilk matçları dəyərləndirib. Cavadov bildirib ki, “Səbail” - “Zirə” (2:1) qarşılaşmasında hər şey cavab oyununda həll olunacaq: “Bu səbəbdən də ikinci görüş olduqca maraqlı keçəcək və güclü qalib gələcək”.

Keçmiş “Qarabağ”lı komandasının “Sabah”la görüşdə (7:1) gücünü bir daha ortaya qoyduğunu deyib: “Hesab 7:1, 8:1 hətta 7:0 da ola bilərdi. Çünki bu, futboldur. Amma önəmlisi odur ki, buraxılan səhvlərdən nəticə çıxarılsın. İnanıram ki, Murad Musayev bunun öhdəsindən gələcək. “Sabah” Azərbaycan çempionatında iddialı klublardan biridir. Yaxşı işlər görürlər. “Qarabağ” da qış fasiləsində oyunlara yaxşı şəkildə hazırlaşıb. Ancaq kubokdakı növbəti mərhələ barədə nəsə demək çətindir”.

Azərbaycan kubokunun bu gün baş tutacaq “Sumqayıt” – “Neftçi” və “Araz Naxçıvan” – “Qəbələ” matçı barədə də danışan Vaqif maraqlı mübarizənin gedəcəyini vurğulayıb: “Hər biri çempionatda iddialıdır. Bu gün də qələbə qazanmaq üçün meydana çıxacaqları aydındır. Lakin hansının aşkar favorit olduğunu dəqiq deyə bilməyəcəm. Çünki kubok oyunudur. Amma çox şey ilk oyundan asılı olacaq”.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz