Samir Abasov: “Üçüncü qolda top meydandan çıxmışdı”

Xəbərlər
31 Yanvar 2024 22:42
217
Samir Abasov: “Üçüncü qolda top meydandan çıxmışdı”

“Hər iki komanda uduzmaq istəmirdi. Futbolçularım ikinci hissədə yaxşı oynadılar. 0:3 hesabı ilə geri düşdükdən sonra sınan komanda kimi görmədik”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunu barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Əksər hallarda kubokda ilk oyun bir az sönük keçir. Sanki komandalar ən önəmli matçlarından birinə çıxmışdı. Komanda inanırdı ki, oyunu çevirə bilər. Rəqibin üçüncü qolu məni məyus etdi. Düşünürəm ki, top meydandan çıxmışdı”.

Samir Abasov birinci hissədə komandasının zəif oyununa aydınlıq gətirib: “İlk yarıda rəsmən mərkəzi əldən verdik. Əslində belə təzyiqi gözləyirdik. Amma buna hazırıq. Çünki, oyunumuz təzyiq altında keçir. Bu, sırf ortada və hücumda olan oyunçulara aiddir. Əfsuslar olsun ki, təzyiqdən çıxa və oyunu meydanın rəqibə aid hissəsində qura bilmədik. Səbəb sırf bu idi. Buna görə də ikinci hissədə dəyişikliklər etdik və oyunu bərabərləşdirdik”.

Qeyd edək ki, “Sumqayıt” öz meydanında “Neftçi”yə 2:3 hesabı ilə uduzub.

İdman.biz