Murad Musayev və “Top-7” - TƏHLİL

Təhlil
2 Fevral 2024 10:59
312
Murad Musayev və “Top-7” - TƏHLİL

“Sabah”ın baş məşqçi postundan ayrılan Murad Musayev Azərbaycan çempionatları tarixinə ən uğurlu legioner mütəxəssislərdən biri kimi düşüb.

İdman.biz xəbər verir ki, rusiyalı çalışdırıcı 2021-ci ilin oktyabrının 30-dan dünənə qədər rəhbərlik etdiyi Bakı klubunda göstərdiyi nəticələrlə də ən yaxşılar arasındadır.

Musayev Premyer Liqada keçirdiyi oyun, qazanılan qələbə və klublar üçün ən önəmli olan xalların sayında ön sıralardadır.

“Top-7”nin astanasında
Musayev “Sabah”ı 75 çempionat görüşünə çıxarıb. Bu, Azərbaycan Premyer Liqası tarixində olan 62 legioner arasında 8-ci nəticədir. Rusiyalını “Top-7”dən cəmi 5 matç ayırır. Musayevin 100 oyun səddinə çatmasına isə 25 görüş çatmayıb.

Ümumiyyətlə isə yalnız 4 əcnəbi mütəxəssis ölkəmizdə 100 və ya daha çox çempionat qarşılaşmasında iştirak edib. Mütləq rekordçu Kaxaber Sxadadzedir. Gürcüstanlı çalışdırıcı ikinci yerin şəriki olan ukraynalılar Roman Pokora, Roman Qriqorçuk və gürcüstanlı Georgi Çixradzeni iki dəfədən də artıq fərqlə üstələyir.

1. Kaxaber Sxadadze (“Standard”, “İnter”) - 221
2-4. Roman Pokora (“Simurq”) - 108
Georgi Çixradze (“Simurq”) – 108
Roman Qriqorçuk (“Qəbələ”) – 108
5-6. Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) - 82
Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”) – 82
7. Valentin Xodukin (“İnter”) - 80
8. Murad Musayev (“Sabah”) – 75

Pokoranın şəriki
Musayevli “Sabah” Premyer Liqada 42 qələbə qazanıb. O, bu göstəricidə “Simurq”un sabiq baş məşqçisi Roman Pokoraya çatıb. Rasim Karadan cəmi bir qələbə az əldə edən cütlük 5-ci yerə şərikdir.

Mütləq rekord isə təbii ki, Sxadadzeyə məxsusdur. O, Bakı klubları “Standard” və “İnter”də 110 qalibiyyət dadıb. İkinci olan Qriqorçuk bunun düz yarısına nail olub. Valentin Xodukin də “50”ni adlaya bilib.

1. Kaxaber Sxadadze (“Standard”, “İnter”) - 110
2. Roman Qriqorçuk (“Qəbələ”) – 55
3. Valentin Xodukin (“İnter”) - 51
4. Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”) – 43
5-6. Roman Pokora (“Simurq”) - 42
Murad Musayev (“Sabah”) – 42
7. Georgi Çixradze (“Simurq”) – 37

Yeddinci
Musayevin rəhbərliyi altında “Sabah” hesabına 141 xal yazıb. Bu, legionerlər arasında 7-ci nəticədir. Rusiyalı mütəxəssis Çixradze və Karadan 5 xal geri qalıb. Sxadadzenin komandalarının daha çox xal toplaması təəccüblü deyil. Həm oyun, həm qələbə sayında hamını qabaqlayan gürcüstanlının yetirmələri 391 xal yığıblar. Qriqorçukun ikinci olduğu siyahıda Xodukin üçüncüdür.

1. Kaxaber Sxadadze (“Standard”, “İnter”) - 391
2. Roman Qriqorçuk (“Qəbələ”) – 195
3. Valentin Xodukin (“İnter”) - 171
4. Roman Pokora (“Simurq”) - 158
5-6. Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”) – 146
Georgi Çixradze (“Simurq”) – 146
7. Murad Musayev (“Sabah”) – 141

Yalnız üçü
Musayev 2022/23 mövsümündə Premyer Liqanın gümüş mükafatını qazanıb. Legionerlər Azərbaycanda dəfələrlə medalçılar sırasına düşüb. Buna ilk dəfə 2004/05 mövsümündə “Xəzər Lənkəran”a rəhbərlik edən Rasim Kara imza atıb. O, çempionluğu “Qızıl oyun”da əldən verib. Lakin çoxsaylı mükafatlar da titulla müqayisəyə gələ bilməz.

Premyer Liqa tituluna gəlincə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında yalnız üç legioner məşqçi zəfər yaşayıb. 2007/08 mövsümündə Xodukin “İnter”i, növbəti il Qyoko Hacıyevski “Bakı”nı, ardınca Kaxaber Sxadadze “İnter”i zəfərə daşıyıb. Sonrakı 13 mövsümdə isə yerli mütəxəssislər hegemonluq edib.

Vüqar Xeyrullayev
İdman.biz