Coşqun Diniyevdən səmimi müsahibə: “Nə yalan deyim, Azərbaycan çempionatını izləmirəm”

Müsahibə
6 Fevral 2024 10:55
1 383
Coşqun Diniyevdən səmimi müsahibə: “Nə yalan deyim, Azərbaycan çempionatını izləmirəm”

Azərbaycan millisinin və Türkiyənin “Ümraniyəspor” klubunun futbolçusu Coşqun Diniyevin İdman.bizə müsahibəsi

- “Ümraniyəspor”da işləriniz necə gedir?

- Hər şey yaxşıdır və qaydasında davam edir. İkinci dövrə yeni başlayıb. Qarşıda bizi gərgin və maraqlı oyunlar gözləyir.

- Komandanızda maliyyə problemlərinin olması ilə bağlı məlumat yayılmışdı. Bu problem aradan qaldırıldı, yoxsa hələ də çətinliklər var?

- Bəli, hər bir komandada müəyyən aylarda çətinliklər olur. Amma mən türkiyəli agentimin sayəsində hərtərəfli müqabilə imzaladığım üçün bu kimi problemlərdən uzağam.

- “Ümraniyəspor” 21 turdan sonra 24 xalla 11-ci pillədə qərarlaşıb. Daha yüksək yerdə qərarlaşmağa nə mane olur?

- İnanın çox çətin çempionatdır. Hər həftə istənilən komanda istədiyi nəticəni qazana bildiyi üçün bütün klublar bir-birinə çox yaxındır. Ancaq mövsümü yüksək pillələrdə bitirəcəyimizə inanırıq.

- Türkiyədə I liqada sizlə yanaşı, bir neçə azərbaycanlı futbolçu da oynayır. Onlarla görüşmək imkanınız olur?

- Xeyr, hələlik belə fürsət ələ düşməyib. Ayrı-ayrı şəhərlərdə yaşadığımız üçün görüşmək bir az çətin olur.



- Azərbaycan çempionatını izləyirsiz? Kənardan necə görünür?

- Nə yalan deyim, izləmirəm. Ancaq alındığı qədəri ilə “Səbail”in oyunlarına baxıram. Vaxt çatdırmadığım hallarda isə mütləq şəkildə icmalını izləyirəm.

- Yalnız “Səbail”in oyunlarına baxdığınızı bildirirsiz. Sizcə, onlar Premyer Liqada hansı yeri tuta biləcək?

- Ümid edirəm ki, avrokuboka yer verən sıralardan birində qərarlaşacaqlar.

- Oyunları izləməsəz də, yəqin turnir cədvəlindən xəbəriniz var. Azərbaycan çempionatında hansı komandanın gözlədiyinizdən zəif çıxış etdiyini deyə bilərsiz?

- Sıralama baxımından “Qəbələ” gözlənilən yerdə deyil. İnanıram ki, ayağa qalxar. Çünki “Qəbələ” Azərbaycan üçün önəmli işlər görən komandamız olub.

- Bəs hansı komandanın çıxışını sürpriz kimi dəyərləndirərdiz?

- Məncə, “Sumqayıt”. Çünki bu komanda nəticələri ilə nəinki məni, hətta bir çox insanı təəccübləndirir. Yaxşı oyun göstərirlər.

- Uşaqlıqdan azarkeşi olduğunuz “Qalatasaray”a qarşı oynadız. Maraqlıdır, Türkiyə kubokundakı matçdan sonra hansısa futbolçu ilə formanızı dəyişdiz?

- Mən heç vaxt heç kimdən forma istəməmişəm. Çünki birdən həmin adam “yox” cavabı verər və özümü pis hiss edərəm. Lakin 22-23 il “Qalatasaray” azarkeşi kimi bu fürsəti qaçıra bilməzdim. Bu səbəbdən elə Ndombeleyle formaları dəyişdik. Sağolsun ki, o da bunu yaxşı qarşıladı.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: