Elmar Baxşıyev: “Tək hücumda yox, müdafiədə də problemlərimiz var”

Xəbərlər
13 Fevral 2024 17:41
206
Elmar Baxşıyev: “Tək hücumda yox, müdafiədə də problemlərimiz var”

“Çətin oyun alındı. İki fərqli hissə izlədik”.

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

44 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz”la səfər oyunundan (1:2) sonra fikirlərini mətbuat konfransında açıqlayıb: “Birinci yarı daha çox rəqibin üstünlüyü ilə keçdi. İkinci hissədə oyunda dönüş yaratmağa çalışdıq, amma sonda bərabərlik qolunu vura bilmədik. Sonuncu pillədəyik. Bilirik ki, son sıranı tərk etmək üçün nəyi isə düzəltməliyik. Üç gündən bir oynamağımız təsirsiz ötüşmədi. Amma tək biz deyilik. Hər iki turnirdə oynamaq istəyirsənsə, bu problemlə üzləşəcəksən”.

Baxşıyev heyətdəki problemlərə də toxunub: “Lakin zədəli və cəzalı futbolçular olduğu üçün rotasiyalar edə bilmədik. Komandamızın toparlanacağına və qarşıdakı görüşlərdə daha uğurlu olacağına inanırıq. Tək hücumda yox, müdafiədə də problemlərimiz var. Cəzalı və zədəli oyunçularımız heyətə dönəndən sonra tam fərqli olacağıq. Bütün futbolçular olanda, rəqabət də artır. Futbolçular bu gün əllərindən gələni etməyə çalışırdılar”.

Qeyd edək ki, “Qəbələ” səfər matçında 1:2 hesabı ilə uduzub.

İdman.biz