“Braqa” favoritdir. Amma onlar “Qarabağ”la oyunlara peşəkar yanaşmalıdır”.
İdman.biz xəbər verir ki, bunu “Zirə”nin qapıçısı Tyaqo Silva deyib.
28 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsinin “Braqa” – “Qarabağ” matçı öncəsi fikirlərini açıqlayıb: “Bu oyunların asan olacağını düşünürsüzsə, belə olmayacaq. “Qarabağ” ev görüşündə yaxşı nəticə qazanmağa daha şanslıdır. Çünki “Braqa” Bakıya yorğun gələcək. Yol uzaqdır. Bilmirəm ki, onlar çarterlə, yoxsa adi reyslə uçacaq. Adətən çarter olmur. Belə olanda yol 9-10 saat çəkir”.
Portuqaliyalı qolkiper Bakıdakı küləkdən də gileylənib: “Son bir neçə gündə hava yaxşılaşıb. Amma istənilən anda küləklər başlaya bilər. Bu da çox çətinliklər yaradacaq. Soyuğa dözmək olur, amma küləklə olanda çətindir. Elə matçlarımız olub ki, biz topu vurmuşuq, külək geri qaytarıb. Əgər belə gün olsa, görüş çox çətin və baxımsız alınacaq. Lakin inanıram ki, matça qədər hava daha yaxşı olacaq”.
Cari mövsümün startında “Qarabağ”a qalib gələn “Zirə”nin legioneri Ağdam klubunun çempionatda və Avropada fərqli oynadığını dilə gətirib: “Avropadakı “Qarabağ” çempionatdan fərqlənir. Daxili arenada daha çox dominantlıq edirlər, topla daha çox oynayırlar və rəqiblərin əks-hücumları olur. “Qarabağ” özü də əks-hücumlarda çox güclüdür. Onların çox sürətli oyunçuları var və ön xətdə boşluq olursa, bundan faydalanırlar”.
Tyaqo “Qarabağ”ın Portuqaliyada qapanacağı qənaətindədir: “Düşünürəm ki, “Bayer”lə oyundakı kimi “Qarabağ” qapanacaq. Bunu etsələr, “Braqa” topla sürətli oynamalı olacaq. “Qarabağ”ın futbolçuları rəqibin yüksək tempə diqtə etməsinə öyrəşməyiblər. Əgər qarşılaşmanın sürəti artırsa, sürətli ötürmələr olursa, bu, onların adət etmədiyi axara keçir. Portuqaliyada 30 gərgin tur olur. Burada isə belə şey yoxdur. “Qarabağ” bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin matçlar keçirir. Digər komandalar isə onlara qarşı qapanır və aşağı tempdə oynayır. “Braqa” çempionatda ən yaxşı hücum xəttinə malik komandalardan biridir. Düşünürəm ki, “Qarabağ”ın müdafiəsini mübarizə gözləyir. Onlar rəqiblərin birə-bir mübarizələrinin çoxluğuna öyrəşməyiblər”.
Silva “Qarabağ”ın uzun müddətdir “Braqa”nı düşündüyünü bildirib: “Onlar yanvardan bu matça motivasiya olurlar. Azərbaycanın heç bir klubu barədə düşünmürlər. Yanvarın ortalarında onlarla yoxlama matçı keçirdik. “Qarabağ”da artıq onda da “Braqa” haqda danışırdılar. Püşk atılandan bir neçə aydır bu duelə hazırlaşırlar. Çox məşq edirlər, yaxşı hazırlıq keçirlər”.
Qolkiper “Qarabağ” üzərində qələbəni də yada salıb: “Azərbaycanda bir az futbol mentaliteti çatmır. Mən komandaya yeni gələndə çempionatdakı ilk rəqibimiz “Qarabağ” oldu. Türkiyə toplanışında bütün komanda danışırdı ki, bu rəqibi udmaq mümkünsüzdür, onlar fərqli səviyyədir və şansımız yoxdur. Mən dedim ki, niyə mümkün deyil, onların da iki ayağı və iki əli var, hər şey mümkündür. Biz həmin matçda qalib gəldik. Burada “Qarabağ” ən yaxşı komandadır və ona hörmətlə yanaşmaq lazımdır. Amma onların bizdən yaxşı olduğunu düşünmürəm. Sadəcə onlar daha sabitdirlər və imkanları böyükdür. Titul üçün mübarizə aparmağa iki heyət formalaşdırıblar. Bizdə isə daha kiçik heyətdir”.
Qeyd edək ki, “Braqa” və “Qarabağ” arasında ilk oyun sabah Portuqaliyada keçiriləcək.
İdman.biz