“Portuqaliya futbolunda maaşlarla bağlı mübahisələr çox olub. Azərbaycanda isə belə problemlər yolverilməzdir”.
İdman.biz xəbər verir ki, bunu “Zirə”nin qapıçısı Tyaqo Silva Portuqaliya mətbuatına açıqlamasında deyib.
28 yaşlı portuqaliyalı legioner Azərbaycan futbolu haqda fikirlərini açıqlayıb: “Azərbaycanda Premyer Liqada oynamaq üçün komandalar gəlirlərini göstərməlidir. Bu, legioner sifarişi üçün lazımdır. Əks-halda isə yalnız yerli futbolçular sifariş edilə bilər. Bu, çox düzgün atılan addımdır. Premyer Liqada oynamaq istəyən klubun kapitalı olmalıdır. Aşağı liqa klublarının çoxunun stadionu daha köhnədir və meydançaları yaxşı durumda deyil. Dəqiq bilmirəm ki, onlara Premyer Liqaya yüksəlmək üçün nə qədər vəsait lazımdır. Bu üzdən də çempionatda 4 dövrə var. Burada yalnız ən rəqabətədavamlı komandalar oynayır. Buna görə də yarış çox balanslaşmış keçir”.
Tyaqo Premyer Liqadakı rəqabətə nümunə də göstərib: “Qəbələ” yayda Konfrans Liqasının təsnifat mərhələsində oynayıb. Amma indi sonuncu yerdədir. Lakin bu komanda çox yaxşı oynayır və çempionatdakı istənilən rəqiblə mübarizə aparmaq gücündədir. Burada həqiqətən də güclü rəqabət var”.
Qapıçı klublar arasında rəqabətin dostluqla müşayiət olunmasını da müsbət hesab edir: “Azərbaycanda futbol yaxşı, müsbət və sağlam rəqabətdədir. Burada Portuqaliyadakı qədər böyük rəqabət yoxdur. Bir misal çəkim. Bizim məşq kompleksimizin qapısı bütün komandaların üzünə açıqdır. Dəfələrlə olub ki, şənbə günü üz-üzə gəldiyimiz rəqiblə həftəboyu eyni meydanda yanaşı məşq etmişik. Klublar arasında yaxşı münasibətlər var. Hamısı da avrokubokların möhtəşəm mübarizəsində “Qarabağ”ı dəstəkləyir”.
Silva Azərbaycan futbolunda ən çox bəyənmədiyi məqama da toxunub: “Hələlik azarkeş səviyyəsi yetərli deyil. Burada futbol yaxşıdır. Yaxın bir neçə ildə fərqli səviyyəyə çatmağın, nələrə isə nail olmağın mümkünlüyünü düşünürəm. Amma bunun üçün tribunalara daha çox azarkeş cəlb etməlidirlər. Daha çox tamaşaçı toplayan “Qarabağ”ıa “Neftçi” istisna olmaqla, digərlərinin oyunlarında stadionlar boş olur. Bu komandalarda da söhbət 2000-3000 nəfərdən gedir”.
Legioner azarkeş azlığının səbəbləri barədə də fikir bildirib: “Çempionat dörd dövrədən ibarətdir. Eyni komandalar bir-biri ilə dəfələrlə qarşılaşır. Müəyyən mənada gözlənilməzlik faktoru yoxdur. Oyun bir az ölür. Komandalar artıq bir-birini çox yaxşı tanıyırlar və yanaşırlar. Həm də hesab edirəm ki, mövsümün ikinci yarısının startını bir az təxirə salmaq lazımdır. Yanvarda tribunada olmaq mümkün deyil, çox soyudur”.
Tyaqo Azərbaycanda futbolun çox sevilməməsinə də toxunub: “Azərbaycanda futbol əsas idman növü deyil. Onlar boks, MMA və “Formula-1”i sevirlər. Nəticədə futbol bir az kənarda qalır”.
Portuqaliyalı bu yöndə aparılan işlərə də toxunub: “Sabah” klubu bu istiqamətdə böyük iş görür. Onların fan-zonası fəaliyyət göstərir. Hər matçdan əvvəl daha çox azarkeş toplamaq üçün işlər görürlər. Bu baxımdan onlar hamını qabaqlayırlar”.
Silva “Qarabağ”ın avrokubok matçlarında daha çox tamaşaçı olmasını da qeyd edib: “Portuqaliya ilə müqayisədə burada çox az azarkeş var. Amma “Qarabağ”la matçda “Braqa”ya çətin olacaq. Çünki avrokubokda fərqli mühit olacaq”.
Qeyd edək ki, Tyaqo 2023-cü ilin yayından “Zirə”də forma geyinir.
İdman.biz