Samir Abasov: “Klub olaraq buna hazır deyildik”

Xəbərlər
18 Fevral 2024 18:46
334
Samir Abasov: “Klub olaraq buna hazır deyildik”

“Zirə” ilə oyundan sonra çox narahatçılıq var idi. Bərpa ola bilmədik. Buna səbəb də, futbolçuların sıx qrafikdə yorğun olmaqları idi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIII turunda “Turan Tovuz”la (0:0) xalları yarıya bölən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis komandanın psixoloji olaraq yüklədiyini etiraf edib: "Dincəlməyə vaxtımız oldu. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm. Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır. Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Udmaq üçün yetərli idi? Xeyr, yetərsiz idi. Amma futbolçularımı anlayıram. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Çətin olacaq”.

Samir Abasov heyətin qısa olmasına aydınlıq gətirib. “Sumqayıt” baş məşqçisi transfer məsələləri bağlı suallara izah verib: “Rəqib bizdən aşağı pillədə idi, amma hər mövqedə yetərincə oyunçuları var. Amma bizdə 11 nəfər var və dəyişəcəyimiz oyunçular da bəllidir. Transfer sualları təkcə baş məşqçiyə aid olan məsələ deyil. Bu, qlobal problemdir. Klubun siyasətidir. Transferlər klubun imkanlarına görə olur. Bu mövsüm başımızdan yuxarı tullanmışıq. Bəlkə klub olaraq buna hazır deyildik. Amma o deyil ki, bunu əldən verəcəyik. Bundan sonrakı mərhələlər üçün hamımıza dərs olmalıdır. Ki, belə uzağa gedə bilmərik. Getsək belə, əziyyət çəkərik. Biz klub kimi buna hazır olmalıyıq. Ən azından “Turan Tovuz”un gördüyü işi görməliyik. Transfer baxımından deyirəm. Baş məşqçi olaraq hər şeydə suallar gəlir. Suallar verilir, onlara cavab vermək məcburiyyətindəyəm. Ya da, bəzi şeylərə cavab verməyəcəm. Gedib özüm 2-3 oyunçu gətirə bilmərəm. Transfer siyasəti kluba aiddir. “Sumqayıt”a neçə futbolçu lazımdır? Ən azından 4 futbolçu. Siz bunu anlayırsız. İstəyərdim ki, hamımız bunu anlayaq. Hətta mən beş futbolçu deyərdim. Bu yerə qədər gəlib çıxmışıq. Azarkeşlərimizə bir söz verə bilərəm ki, bu uşaqlarla olsa belə, bunu qorumağa çalışacağıq. Deməyim odur ki, belə əziyyətli oyunlarımız olacaq. Futbolçular robot deyil, insandılar, yüklənirlər. Biz bu gün udmaq üçün heç nə etmədik, uduzmamaq üçün nələrsə etdik”.

Qeyd edək edək ki, son 7 oyunda uduzmayan “Sumqayıt” 36 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.biz