"Qəbələ"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyin edilib.
55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.
Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-98) milli komandalarının formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.
Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-02-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.
Onun rəhbərlik etdiyi komandalar 2004/05 və 2005/06 mövsümlərində Gürcüstan, 2009/10 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.
Qeyd edək ki, Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-15-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.
İdman.biz