Miodraq Bojoviç: “Komanda uduzursa, məsuliyyəti daşıyan baş məşqçidir”

Xəbərlər
3 Mart 2024 22:36
341
Miodraq Bojoviç: “Komanda uduzursa, məsuliyyəti daşıyan baş məşqçidir”

"İlk yarını yaxşı, keyfiyyətli keçirdik. İkinci yarıda iki böyük səhv ucbatından iki qol buraxdıq. Bu cür səhvləri "Qarabağ"a qarşı edəndə, onlar səni cəzalandıracaq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis nəticə ədalətli saymayıb: “Bərabərlik üçün hər şeyi etdik. Künc zərbələrindən sonra rəqib bizi əks-hücumda tutdu və qollar buraxdıq. 1:4 uduzsaq da, nəticə ədalətli deyildi. 1:2 uduza bilərdik, amma bu hesab ədalətli deyil. Əlimizdən gələni etdik. Heç kəs gözləmirdi ki, iki qolu bu şəkildə buraxacağıq. Qeyd etdiyim iki səhvdən savayı, oyunumuzun keyfiyyəti kifayət qədər yaxşı idi. "Qarabağ"ı son 15 dəqiqə kifayət qədər təzyiqdə saxlaya bildik. Azərbaycanda "Qarabağ"ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm”.

Bojoviç məğlubiyyətə görə baş məşqçinin məsuliyyət daşıdığını bildirib: “Qlobal dəyişiklik etmək üçün imkanımız yoxdur. Yuri Matias və Qara Qarayev ən yaxşı və ən təcrübəli oyunçularımızdandır. Günahı onların üzərinə atmaq istəmirəm. Aydın məsələdir ki, məğlubiyyətdən sonra məsuliyyəti baş məşqçi daşıyır. İşləməyə davam etməliyik. "Qarabağ" və "Neftçi"nin bu mövsümkü oyunlarına baxmısız. Həmin oyunda "Neftçi" "Qarabağ"ın qapısına cəmi bir zərbə vurmuşdu. Bu gün isə oyun daha şən, maraqlı, keyfiyyətli keçdi. Bəli, qollar buraxdıq. Amma hər oyunçu sona qədər mübarizə aparırdı. Onların əziyyətinə baxıram və deyə bilərəm ki, onlardan razıyam. Digər rəqiblərə qarşı belə performans göstərsək, daha asan olacaq. Oyunun tempi də yüksək idi. Azərbaycan çempionatında belə oyunlar nadir hallarda baş verir. Oyun Avropa səviyyəsində keçdi, vaxt aparan, meydanda boş-boşuna gəzən yox idi. Səhvlər var idi. Komanda uduzursa, məsuliyyəti daşıyan baş məşqçidir”.

Qeyd edək ki, hesabında 36 xal olan “Neftçi” 3-cü pillədə qərarlaşıb.

İdman.biz