Azər Bağırov: “Ya hakimlik etmə, ya...”

Xəbərlər
31 Mart 2024 21:48
417
Azər Bağırov: “Ya hakimlik etmə, ya...”

“Hakimlər haqda danışmaqdan yoruldum. Amma onlar dəlləkliyi bizim üzərimizdə öyrənməkdən yorulmadı”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt”a 0:1 hesablı məğlubiyyəti şərh edib: “Penaltidən savayı Miço Kuzmanoviçin də bir epizodu oldu. Ağzı qanayırdı. Qardaş, ya hakimlik etmə, ya da biz işimizi bilək. Futbolçunun ağzından qan gəlir, özü-özünü etmədi axı. Belə şeyləri başa düşmürəm. Görmürsənsə, hakimlik etməməlisən. Lakin o epizodları görməyə məcbursan. Bu cür hakimlik haqda necə danışmayasan? Cavan uşaqlarla oynayırıq, yeni yaradılmış komandayıq. Azdan-çoxdan qaçırıq, futbol oynamaq istəyirik. Çox danışanda da, deyirlər ki, öz günahını hakimlərin üzərinə atırsan. Əsla. "Qəbələ" ilə görüşdə Elçin Məsiyev futbolçumuza qırmızı vərəqə göstərdi, sağolsun. 40 dəqiqə 10 nəfərlə oynadıq. Bir kəlmə də demədim. Çünki haqlı idi. Uduzsaydıq da, hakimlikdən heç nə danışa bilməzdik. Çünki mənim futbolçum səhv edib. Üç nəfərlə üç nəfərə qarşı hücuma çıxırıq, hakim oyunu saxlayır. Niyə saxlayırsan? Barış Şimşek də gəlib öyrədir, danışır futboldan. Sağolsunlar”.

"Araz-Naxçıvan"ın baş məşqçisi penalti epizoduna münasibət bildirib: "Penalti epizoduna 10 dəfə baxaq, mən orada penalti görmədim. Mən özüm-özümdən şübhələnirəm ki, bəlkə biz futbol görməmişik, oynamamışıq. Qapıçı ayağını çəkir ki, oyunçuya dəyməsin. Futbolçu da özünü ona çırpır. Mən demirəm ki, zəif hakimlikdi, ya deyil. Sadəcə deyirəm ki, bu gün meydandakı səhvlər komandama qarşıdır. Adamın bildiyi budur, mən nə edə bilərəm?"

Azər Bağırov komandada eniş olması fikirlərinə münasibət bildirib: “Qışdan sonra güclənə bilmədik. Gətirdiklərimiz də, cavan, yerlilər oldu. Hücum xəttinə rəngarənglik qatmaq istəyirdik, edə bilmədik. "Neftçi", "Səbail", "Turan Tovuz"a qarşı yaxşı oyunlarımız olub. Eniş yoxdur. Sadəcə, sanki xof yaranıb ki, "Araz-Naxçıvan"ı yuxarıda görmək istəmirlər. "Turan Tovuz"la görüşdə bizə ikinci qolu cərimə zərbəsindən sonra vurdular. Hamı danışdı, amma heç kimin cəzalandırıldığını görmədik. Rəşad Əhmədov sabah meydanda olacaq. Amma futbolçuların əziyyətini kölgədə saxlayırlar. Komandamızda eniş yoxdur. Ola bilər ki, elə oyunlar var, gözləntilərə cavab vermirik. Bu, mənim üçün normaldır. Bu gün bizdəki yerli futbolçuların heç biri keçən il stabil oynamayıb. Yerli futbolçu baxımından kasadçılığımız var. Dəyişikliklərdən sonra oyunu gücləndirə bilmirik”.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın son 6 turda qələbə qazana bilməyib. Komanda 32 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz