Avram Kristian: “Səbail”lə oyunda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik

Xəbərlər
19 Sentyabr 2023 11:46
143
Avram Kristian: “Səbail”lə oyunda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik

Son qələbəmizi sürpriz adlandırmazdım. Bilirəm, “Neftçi” iddialıdır, çempionluq uğrunda mübarizə aparır, heyətində çoxsaylı futbolçular var. Biz də rəqibin kimliyindən asılı olmayaraq bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq.

İdman.biz xəbər verir ki, bu sözləri “Neftçi” üzərində qazanılan qələbə sayəsində aktivindəki xalların sayını 10-a çatdıran və turnir cədvəlində 5-ci pilləyə yüksələn “Araz-Naxçıvan”ın qapıçısı Avram Kristian həm son matçla, həm də növbəti görüşlə bağlı klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı oyunçu bildirib ki, “Neftçi” ilə matça yaxşı hazırlaşmışdılar: “Bunun bəhrəsini gördük. Baş məşqçimiz də bizdən bunu tələb edirdi. Hansısa oyuna çıxanda deməyib ki, heç-heçə məni qane edir. Çox ambisiyalıdır. Mübarizə apardıq, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirdik, buna görə də 3 xalı qazandıq”.

O, “Neftçi” ilə görüşün 86-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulan qanalı yarımmüdafiəçi Muhammed Kadirinin komandaya çox kömək etdiyini vurğulayıb: “Kadiri oyun epizodu zamanı ikinci sarı vərəqəni gördü. O, meydandan çıxdıqdan sonra panikaya düşmədik, əksinə, konsentrasiyamızı artırdıq və daha diqqətli olduq”.

Moldovalı qolkiper iki günlük istirahətdən sonra Premyer Liqanın VII turunda “Səbail”ə qarşı keçirəcəkləri matçın hazırlıqlarını bərpa etdiklərini söyləyib: “Lazım olan informasiyanı baş məşqçimiz verəcək. Diqqətli olmalı, yaxşı hazırlaşmalıyıq. Yenə deyirəm, rəqibin kimliyindən asılı olmayaraq, bizdən qələbə tələb olunur. Futbol kollektiv oyundur. Konkret hansısa futbolçuya diqqət yetirmək, ancaq onu zərərsizləşdirməyə fokuslanmaq düzgün deyil. Meydanda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik. Məşqçilərin verəcəyi informasiya da vacibdir”.

A.Kristian Premyer Liqada əksər komandaların yüksək yerlərə iddialı olduğunu qeyd edib: “Oyunlar da, nəticələr də maraqlıdır. Hər kəs mübarizə aparır. Zəif rəqib yoxdur. Əlbəttə, bu Azərbaycan futbolu üçün vacib amildir. Çempionat yeni başlayıb. Heç birinci dövrə başa çatmayıb. Qış fasiləsində çox dəyişikliklər ola bilər. İndidən kimsə deyə bilməz ki, mövsümü filan pillədə başa vuracaq. Onu mayda biləcəyik. Ancaq hazırkı mövqeyimizi yaxşılaşdırmaq imkanımız var. Təsəvvür edin, 4 komandanın aktivində eyni sayda xal var”.

İdman.biz