Şahin Diniyev: "Zamanı tələsdirmək lazımdır"

Xəbərlər
23 Avqust 2024 22:46
561
Şahin Diniyev: "Zamanı tələsdirmək lazımdır"

"Düşünürəm ki, maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının IV turunda "Kəpəz"lə oyunda qazanılan 4:0 hesablı qələbəni şərh edib: "Komanda yaxşı oynadı. İlk dəqiqədən sona qədər dinamikanı saxladıq. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. 11 nəfərdən 10-u ilk dəfədir ki, komandadadır. Zamanı tələsdirmək lazımdır. "Kəpəz" də yeni heyətə malikdir. Premyer Liqada qalmaq üçün mübarizə apara bilər. Hesab bizi aldatmasın. Onlar vuruşurdu, başabaş mübarizə aparırdı. İrəliyə baxmalıyıq. Bu oyunu unudub gələn oyuna köklənməliyik".

Diniyev 3-cü qoldan sonra qələbənin əldə olunduğunu bildirib: "2:0-da da çətin idi. Bir qol buraxsaydıq, futbolçular psixoloji düşə bilərdilər. Ardında ikinci qol gələ bilərdi. Amma komandamızın oyunu gedirdi. Üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdik".

Qeyd edək ki, "Səbail" mövsümdə ilk qələbəsini qazanıb.

İdman.biz