"İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərlə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir".
İdman.biz xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Səbail"lə matçdan sonra mətbuat konfransında bildirib.
Rusiyalı çalışdırıcı Misli Premyer Liqasının 21-ci turunda qeydə alınan 1:1 hesablı nəticəni şərh edib. O, autsayderlərlə görüşlərdə xal itirilməsinə də aydınlıq gətirib: "Kəpəz" və "Səbail"lə oyunlar fərqlidir. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Paralellər aparmağı doğru hesab etmirəm. Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı".
Qeyd edək ki, "Turan Tovuz" son 3 turda "Kəpəz"ə uduzub, "Səbail"lə isə heç-heçə oynayıb.
İdman.biz