"Maraqlı oyun oldu. Yeni futbolçuları meydanda görmək şansımız da var idi. Məncə, pis təsir bağışlamadılar. Elə komandayıq ki, qollar vurmalıyıq, epizodlarımız var. Sadəcə onları reallaşdırmaqda problemlərimiz yaranır. Hər hissədə 3-4 epizodumuz oldu ki, şans bizim tərəfdə deyildi. Xeyirlisi. Hər şey irəlidədir".
İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov ölkə kubokunda 1/4 final mərhələsinin “Neftçi" ilə ilk qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında deyib.
Gənc mütəxəssis AFFA İcraiyyə Komitəsinin qərarlarına da münasibət bildirib: "AFFA-nın qərarları ilkin anda hardasa ictimaiyyətdə bir az qıcıq və anlaşılmazlıq yaradırdı. Amma məncə, daha yaxşı olacaq. Komanda sayı artacaq. Oynaya biləcək futbolçular meydanda oynayacaq. Komandaların hamısı 11 legionerlə oynamayacaq. Yerliləri də görəcəyik. Onların meydanda olması üçün AFFA tərəfdən ödəniş də verilməlidir. Yaxşı olacaq ki, pis olmayacaq. Komanda sayı artsa, daha yaxşı liqa görəcəyik".
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 28-də Bakıda keçiriləcək.
İdman.biz