Elmar Baxşıyev: "Son nöqtəni qoymaqda sıxıntılarımız var"

Xəbərlər
22 Fevral 2025 19:21
39
Elmar Baxşıyev: "Son nöqtəni qoymaqda sıxıntılarımız var"

"Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. "Səbail" təzyiq göstərirdi".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Səbail"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 24-cü turunda qeydə alınmış 0:0 hesablı heç-heçəni şərh edib. O, komandanın heyətindəki problemləri vurğulayıb: "İkinci hissədə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq. Miço Kuzmanoviç də zədəli olduğu üçün hücumda çox da rotasiya edə bilmirik. Amma futbolda belə hallara rast gəlmək olur. Daha çox çalışıb nöqsanları aradan qaldırmaq lazımdır. Vanderson Melo bu gün mərkəz müdafiəçisi mövqeyində oynaması məcburi dəyişiklik idi. Çünki üçüncü mərkəz müdafiəçimiz Bəxtiyar Həsənalızadə də zədəlidir. Bu dəyişikliyi etməyə məcbur idik. Bu gün oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqda sıxıntılarımız var".

Qeyd edək ki, "Araz-Naxçıvan" çempionatda son 4 oyunda qələbə qazana bilməyib.

İdman.biz