"İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə məğlub olduq. Hesab öz sözünü dedi. Ona görə də nəsə deməyə ehtiyac yoxdur".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan kubokunda 1/4 final mərhələsinin "Sabah"la cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 0:4 hesabı ilə nəticələnən oyundan son komandanın fərqlənə bilməməsinə aydınlıq gətirib: "Fikirləşdiklərimizi reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Komanda 0:4 uduzub. Amma qol imkanlarımız var idi. Nəyəsə gücümüz çatmır. Əgər getməyim komandanın xeyrinədirsə, gedərəm. İnanıram ki, bu vəziyyətdən çıxacağıq. Qol imkanlarından istifadə edə bilmirik. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidirsə, gedərəm. Amma komandanı bu vəziyyətdən çıxarmaq istəyirəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacam".
Qeyd edək ki, "Sumqayıt" keçirdiyi son 11 oyunda qol vura bilməyib.
İdman.biz