“Belə havada oynamaq bir az çətindir. Meydança buz bağladığı üçün yaxşı oyun göstərmək o qədər də alınmır. İstədiyimiz hücumları qura bilmirdik. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Şükür ki, qələbə qazanaraq, mərhələ adladıq”.
Idman.biz xəbər verir ki, bunu Futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Ağadadaş Salyanski Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz”lə (1:0) oyundan sonra deyib.
20 yaşlı hücumçu yarımfinalda “Sabah”la qarşılaşmaları səbirsizliklə gözlədiklərini söyləyib: “Artıq bizi yarımfinalda “Sabah”la maraqlı qarşılaşma gözləyir. Məqsədimiz kuboku qazanıb Avropaya yollanmaqdır. Bunun üçün əlimizdən gələni artıqlaması ilə etməyə hazırıq”.
Salyanski həmçinin çempionat oyunlarına da diqqət çəkib: “Kubok oyunlarına qədər bizi çempionat matçları gözləyir. Orada da yaxşı çıxış edərək, məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyirik. Çempionatda növbəti dəfə yenidən ”Kəpəz” ilə qarşılaşacağıq. Uzun səfər olsa da, meydana yalnız qələbə üçün çıxacağıq. Ümid edirəm ki, bizi istənilən hava şəraitində yalnız qoymayan azarkeşlərimizi qələbəmizlə sevindirərik”.
İdman.biz