Ayxan Abbasov: "Qələbə gələcək üçün motivasiyadır"

Xəbərlər
3 Mart 2025 19:34
45
Ayxan Abbasov: "Qələbə gələcək üçün motivasiyadır"

"Komandamı və azarkeşlərimizi təbrik edirəm. Səfərdə bizi tək qoymadılar, yaxşı dəstək oldular. Çoxdandır ki, bu xalı, qələbəni haqq edirdik".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Səbail"lə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 25-ci turunda səfərdə qazanılan "Səbail"ə 2:0 hesablı qələbəni şərh edib: "Önəmli oyun idi. Qışdan sonra "Səbail" bircə "Qarabağ"a uduzmuşdu. Mövsümün ikinci yarısına çox yaxşı başlamışdılar. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmadı. Ondan sonra futbolçularım toparlandı, tapşırıqları yerinə yetirməyə çalışdılar. İkinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Böyükhesablı qələbə ola bilərdi. Premyer Liqada qalmaq üçün sona qədər biz də mübarizə aparacağıq. Sonuncu pillədə qərarlaşan rəqibimizdən 6 xal irəlidəyik. Qışdan sonra pis oyunumuz olmamışdı. Təəssüf ki, uduzurduq. Sadə səhvlər edirdik. Futbolçularda konsentrasiya yaxşı idi. Müdafiədə yaxşı oynadıq. Qələbə gələcək üçün motivasiyadır. Bu qələbə bizi daha da irəli apardı".

Qeyd edək ki, hesabında 24 xal olan "Şamaxı" 7-ci pilləyə yüksəlib.

İdman.biz