"Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Birinci hissədə qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq".
İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Sumqayıt"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə qeydə alınan 0:3 hesablı məğlubiyyəti şərh edib: "İki fərqli hissə oldu. İlk yarıda daha çox qol epizodları yaratdıq. Dəyərləndirə bilməyəndə elə bil komanda sınır. İkinci hissəni heç bəyənmədim. Tapşırıqları icra edə bilmədik. Komandanın içində problem var. Onu axtarıb tapmaq lazımdır. "Sumqayıt"ın heyətində milli komandanın futbolçuları var. Yaxşı legionerlər seçiblər. Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda oturur. Siz deyin ki, keyfiyyət kimdə çoxdur. Bu da səbəblərdən biri ola bilər. İsinmə hərəkətləri zamanı bilirsən ki, futbolçuda arxayınlıq var, yoxsa yox. Məşqçilərdən soruşdum ki, uşaqlar necədir? Dedilər ki, hər şey əladır, oyuna tam kökləniblər. Psixoloji durum çox vacibdir. Bəzi futbolçular performansından aşağı oynayır. Bunun səbəbini araşdıracağıq".
İdman.biz