"Maraqlı, dinamik oyunun şahidi olduq. Oyunu iki hissəyə bölərdim. İlk hissə bizim, İkinci yarı isə rəqibin üstünlüyü ilə keçdi. 1 xal qazandıq. Hər iki komandanın qalib gəlmək şansı var idi. Yaxşı istirahət edib, hazırlıqlarımızı davam etdirməliyik".
İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Şamaxı” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVII turunda qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "Kuboka görə əlavə 2 oyun keçirmişdik. Ona görə yorğunluq ola bilərdi. Heyət geniş deyil, zədəlilərimiz var deyə çox da rotasiyalara gedə bilmirik. Bu futbolun içində olan detallardır. Üstündə dayanmaq istəmirik. Əfsuslar olsun ki, zədəli, cəzalı 7 oyunçumuz var. Onlar qayıtdıqdan sonra daha yaxşı olacaq. Bu oyunu çıxmaq şərti ilə Qara Qarayev hər oyunda meydanda olub. 90 dəqiqə yaxşı tempdə, eyni səviyyədə oynamağa gücü çatır. Niyə çağırılmır, mən də bilmirəm. Heyətimdə milli səviyyəsində yerli futbolçular var".
Qeyd edək ki, "Araz-Naxçıvan" son 6 matçda qələbə qazan bilməyib.
İdman.biz