“Qarabağ” necə ÇEMPİON OLUR?

Xəbərlər
14 Aprel 2025 08:51
106
“Qarabağ” necə ÇEMPİON OLUR?

Həftəsonu Misli Premyer Liqasının XXX turunun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, qeydə alınan nəticələrdən sonra Azərbaycan çempionunun bu həftə müəyyənləşməsi ehtimalı yaranıb.

Xallarının sayını 73-ə çatdıran “Qarabağ” “Zirə” ilə fərqi qoruyub. Liderlə izləyicisini sona 6 tur qalmış 15 xal ayırır.

Bu da XXXI turda qızıl medalların sahibinin müəyyənləşməsini mümkün edir.

Özü “Neftçi”nin önündə

Qurban Qurbanovun yetirmələri aprelin 19-da “Neftçi” ilə qarşılaşacaq. Azərbaycan derbisi “Qarabağ”ın meydanında baş tutacaq. Bu görüşdə istənilən nəticə çempionun dərhal müəyyənləşməsi üçün kifayət etməyəcək. Düzdür, şəxsi oyunların əsas götürüldüyü əvvəlki reqlamentlə Ağdam klubu qələbə qazanar və qızıl medalı təmin edərdi. Amma qələbə sayı və top fərqinin əsas sayıldığı cari mövsümdə vəziyyət fərqlidir. “Neftçi” üzərində qələbə də “Qarabağ”a kifayət etməyə bilər.

Gözü "Sumqayıt"da

Çempionun müəyyənləşməsi ən tez aprelin 20-də gerçəkləşəcək. Bu “Zirə”nin Sumqayıtın eyniadlı komandası ilə matçının nəticəsindən asılı olacaq. Təbii ki, “Qarabağ” bir gün əvvəl büdrəməsə. Bir sözlə, çempionluq üçün Qurbanov və komandasına hər iki görüşün nəticəsi önəmlidir.

Turu üstün bitir, çempion ol!

“Qarabağ”ın çempion olması variantı o qədər də çətin hesablamalarla deyil, açıq şəkildə görünür. Ağdam klubu bu həftə “Zirə”dən daha çox xal toplamalıdır. Qurbanovun komandası “Neftçi”ni udmalı, “Zirə”nin qələbə qazanmamasını arzulamalıdır. Amma Ağdam təmsilçisinə heç-heçə də bəs edə bilər. Bunun üçün Rəşad Sadıqovun yetirmələri uzun illərdir uduzmadığı “Sumqayıt”a məğlub olmalıdır. Bir sözlə, tur ərzində qazanılan xallarda “Qarabağ” üstün olsa, izləyicisi ilə xal fərqini artıracaq və çempionluğu bayram edəcək.

Qeyd edək ki, 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 12-ci zəfərin astanasındadır.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: