"Çətin və maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində getdi. İkinci yarıda futbolçularımdan sürətli hücumlar görmək istəyirdim".
İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Turan Tovuz"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 32-ci turunda səfərdə qeydə alınmış 1:1 hesablı heç-heçəni şərh edib: "İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Komandamdan razı qaldım. Xallarımızın üstünə xal gəldi. Rəqibin üstün cəhətlərini bilirdik. Elə bundan da qol vurdular. Ondan sonrakı standart vəziyyətlərdə futbolçularım yaxşı çıxış etdilər. Hər xal bizim üçün vacibdir. Çalışırıq ki, daha yuxarı pillələrə qalxaq. Leroy Mikels zədədən sonra tapşırıqları yerinə yetirdi. İkinci hissədə daha yaxşı idi. Tam hazır deyil. Amma Leroya inanırıq. Zədədən sonra pis performans göstərmədi".
Qeyd edək ki, "Şamaxı" 35 xalla 7-ci pillədə qərarlaşıb.
İdman.biz