"Qələbə qazanmaq istəyirdik. 3-cü pilləyə qalxmaq üçün bu gün bizə çox vacib 3 xal lazım idi. Əfsuslar olsun ki, qalib gələ bilmədik. Hesabda önə keçəndən tez bir zaman sonra qapımızda qol gördük. Ötən turda da, bu gün də rəqib yox, özümüz rəqibə şanslar yaratdıq və qol buraxdıq. Qarşıdakı oyunlara tam ciddi hazırlaşmaq lazımdır. Bu gün komandadan o qədər də razı qalmadıq".
İdman.biz xəbər verir ki, "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov "Şamaxı" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 32-ci turunda Tovuzda qeydə alınmış 1:1 hesablı heç-heçəni şərh edib. "Biz özümüz də bu haqda danışırıq. Dediyiniz rəqiblərlə oyunlarda xallar itirməsəydik, bəlkə də 2-ci yerdə olardıq. Mən özüm də futbol oynamışam. "Qarabağ"a, "Sabah"a qarşı futbolçularda köklənmə başqa cür olur. Dəfələrlə təkrarlayırıq ki, tam ciddi olmaq lazımdır. Bunun üzərində işləyirik. Hər oyundan sonra Kurban Berdiyev də futbolçularla danışır. Axsayan cəhətimiz odur ki, hücumda çoxala bilmirik. Bu olmayanda da qol vura bilməyəcəksən. Hücuma atılmaq lazımdır. Öndə top saxlamaqda çətinlik çəkirik. Arxada top saxlamaq asandır. Çünki orada rəqibin oyunçuları az olur. Qol vurmaqda da çətinliklərimiz var. Amma çox asanlıqla qol buraxırıq.
Hüseynov əsas hədəflərinin 3-cü yer uğrunda mübarizə aparmaq olduğunu bildirib: "Hələ qarşıda 4 oyun var. Bilmək olmaz nələr baş verəcək. Fikrimiz ancaq 3-cü yer üçün oynamaqdır. Kubokun finalını gözləmək istəmirik. Avrokuboklarda iştirak etməyi arzulayırıq. "Turan Tovuz" azarkeşləri möhtəşəmdir. Klubun rəhbəri də komanda üçün hər cür şərait yaradıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq".
Qeyd edək ki, "Turan Tovuz" 49 xalla 4-cü pillədə qərarlaşıb.
İdman.biz