Samir Abasov: "Təmiz qolumuzu saymadılar"

Xəbərlər
28 Aprel 2025 23:01
68
Samir Abasov: "Təmiz qolumuzu saymadılar"

"Düşünmürəm ki, iki fərqli hissə oldu. İlk dəqiqələrdən oyunu diqtə etməyə çalışırdıq. Bir neçə dəfə pressinq etdikdən sonra topu almağı bacardıq. Sadəcə qərarlar düzgün olmadı".

İdman.biz xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 32-ci turunda səfərdə qeydə alınan 2:2 hesablı heç-heçəni şərh edib. "İlk hücumda qapımızda qol gördük.Hakim idarəçiliyi böyük problemə çevrilmişdi. Son vaxtlar üzərimizdə təzyiq çoxdur. Bir az neqativ ab-hava formalaşıb. Amma buna görə kimlərsə istədiklərini edə bilməzlər. Bu gün hakim oyunu ələ ala bilmədi. Topdaşıyanlar topu gec verirlər, oyunun tempini salırlar. Ağadadaşın sayılmayan qolu... Planşetdə epizodlara biz də baxırıq. Ola bilər ki, VAR otağında başqa görüntülər var. Biz gördüyümüz videolara əsasən deyirəm ki, təmiz qol idi. Həmin qol qeydə alınsaydı, qalib gələ də bilərdik. Təmiz qolumuzu saymadılar. Çox vaxt hesabda öndə olanda biz qollar buraxmışıq. Amma bu gün 0:2-dən sonra qollar vurub heç-heçə etdik. Futbolçular sağ olsunlar".

Samir Abasov "Neftçi"nin müdafiəyə çəkilməsinin yolverilməz olduğunu bildirib: "Peşəkar liqada oynayırıq. Heç birimizin aqibəti bilinmir. Heç bir futbolçunun ixtiyarı yoxdur ki, təslim olsun. Dünyada nə qədər komanda var. Ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətinə qazanasan. Amma komandanı oyunlara kökləmək çətindir. Amma neynəyək? Bu, futboldur. Bundan da dərs çıxarmalıyıq. Biz öz problemlərimizi bilirik. Bu gün qapanan komandaya qarşı oynadıq. "Neftçi"dəki futbolçular digər klublardan maddiyyatı ilə seçilir. "Neftçi"nin müdafiəyə çəkilməsi, digər komandanın oynaması yolverilməz haldır. Problemləri aradan qaldırmağa çalışacağıq".

Qeyd edək ki, "Neftçi" hesabda 0:2 geri düşsə də, heç-heçəyə nail olub.

İdman.biz