Avropa Liqasında “Bayer”lə oyunda zədələnən “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov sağlamlıq durumu ilə bağlı yerli mətbuata açıqlama verib.
İdman.biz xəbər verir ki, ölkəsinin yığmasında da çıxış edən qolkiper Rusiyanın Kuba ilə qarşılaşmasında komandasına kömək edə bilməyəcəyini deyib.
O bildirib ki, zədə səbəbindən millinin toplanışını buraxacaq və bərpa prosesi 10 gün çəkəcək: “Düzünü desəm, həmin an futbol karyeramın bitdiyini düşündüm. Başa düşdüm ki, altı aydan, bir ildən bir ağır zədə alsan, çətin olacaq. Sonra da diz... Məncə, belə vəziyyətdə bu, baş verə biləcək ən yaxşı haldır. Həkimlərin sağlamlığımla bağlı dedikləri məni ümidləndirdi. Təsəvvür edin, həmişə milli komandada oynamaq istəyirsən, amma elə alınır ki, bu və ya digər səbəbdən altı ay futbolsuz qalırsan və s. - hər şey aydındır. Sağlam olmaq daha yaxşıdır”.
Qeyd edək ki, "Qarabağ"ın heyətində 9 oyun keçirib və 9 qol buraxan rusiyalı legioner noyabrın 9-da almanlarla Bakıdakı matçın (0:1) ikinci hissəsində dizindən zədə alıb. O, oyunun 84-cü dəqiqəsində əvəzlənib.
İdman.biz