Emil Forsberq: “Fasilədə dedik ki, növbəti yarıda oyunun gedişatını dəyişəcəyik, amma...”

Xəbərlər
17 Noyabr 2023 10:05
200
Emil Forsberq: “Fasilədə dedik ki, növbəti yarıda oyunun gedişatını dəyişəcəyik, amma...”

“Artıq 6-cı dəqiqədə 0:2 hesabı ilə uduzurduq. Oyunun səviyyəsini qaldıra, rəqibə təzyiq edə bilmədik. Bu cür oyun sərgiləmək, əlbəttə, kifayət deyildi. Bu, Azərbaycanın işini asanlaşdırdı”.

İdman.biz xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla qarşılaşan İsveç millisinin hücumçusu Emil Forsberq yerli mətbuata açıqlamasında deyib.

Oyunun nəticəsini böyük məyusluq kimi dəyərləndirən 32 yaşlı futbolçu bildirib ki, meydanda kifayət qədər yaxşı olmayıblar: “Bu, çox pis idi. Bizim etmək istədiyimiz bu deyildi. Belə görünməməlidir. Fasilədə dedik ki, növbəti yarıda oyunun gedişatını dəyişəcəyik. Amma buna nail olmaq üçün kifayət qədər təzyiq göstərmədik. Hər şey çox pis oldu”.

Almaniyanın “Leyspiq” klubunun formasını geyinən Forsberqin sözlərinə görə, Bakıda milliləri ən pis matçlarından birini keçirib: “Təkrar edirəm, kifayət qədər təzyiq göstərmədik və çox sadə oyun oynadıq. Bu, çox pis idi”.

Qeyd edək ki, Azərbaycan yığması İsveçi 3:0 hesabı ilə məğlub edib.

İdman.biz